...

Fuad Ələsgərov: Yalnız Azərbaycanda nümayəndəlik və ya filialını qeydiyyatdan keçirmiş və donor kimi çıxış etmək hüququ qazanmış xarici təşkilatlar qrantlar ayıra biləcək

Siyasət Materials 19 Noyabr 2014 10:31 (UTC +04:00)
İlk növbədə bildirmək istərdim ki, bu gün Azərbaycan dövləti kifayət qədər maliyyə resurslarına malikdir və vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələrinin inkişafı məqsədilə dövlət büdcəsindən iri həcmdə vəsaitlər ayrılır. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Azərbaycan”qəzetinə müsahibəsində deyib.
Fuad Ələsgərov: Yalnız Azərbaycanda nümayəndəlik və ya filialını qeydiyyatdan keçirmiş və donor kimi çıxış etmək hüququ qazanmış xarici təşkilatlar qrantlar ayıra biləcək

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"İlk növbədə bildirmək istərdim ki, bu gün Azərbaycan dövləti kifayət qədər maliyyə resurslarına malikdir və vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələrinin inkişafı məqsədilə dövlət büdcəsindən iri həcmdə vəsaitlər ayrılır". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Azərbaycan"qəzetinə müsahibəsində deyib.

PA rəsmisi bildirib ki, bu günlərdə QHT-lərin fəaliyyəti ilə başqa bir qanunvericilik aktına - "Qrant haqqında" qanuna da dəyişikliklər qüvvəyə minib: "Bu dəyişikliklərə görə, yalnız Azərbaycan Respublikasında nümayəndəlik və ya filialını qeydiyyatdan keçirmiş və donor kimi çıxış etmək hüququ qazanmış xarici təşkilatlar qrantlar ayıra biləcək. Bununla da QHT-lərə qrantın verilməsi prosesində şəffaflıq təmin olunacaq, prosesin iştirakçıları, ayrılan qrantın məqsədi hamıya məlum olacaqdır".

F.Ələsgərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ilin 13 dekabrında imzalanmış fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb: "Şura tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi üçün QHT-lərə qrantlar ayrılır və bu qrantların məbləği ilbəil artırılır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 may tarixli sərəncamı ilə Şuraya Prezidentin Ehtiyat Fondundan müxtəlif layihələrin icrası üçün 5 milyon manat vəsait ayrılıb. Şura yerli QHT-lərə 2013-cü ildə 3,4 milyon manatdan artıq, 2014-cü ilin ilk 9 ayı ərzində isə 2,7 milyon manat məbləğində qrant verib. Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə yalnız 2013-cü ildə kütləvi informasiya vasitələrinə təxminən 3,2 milyon manat vəsait ayrılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi üçün 2013-cü ildə təxminən 2,9 milyon, 2014-cü ilin ilk doqquz ayı ərzində isə təxminən 1,8 milyon manat məbləğində qrant verilib".

F.Ələsgərov qeyd edib ki, bunlarla yanaşı, ayrı-ayrı nazirliklər tərəfindən də böyük qrantlar ayrılır: "Belə ki, Gənclər və İdman Nazirliyi 2013-cü ildə 137 layihənin həyata keçirilməsi üçün 5,5 milyon manatdan, 2014-cü ilin ilk doqquz ayı ərzində isə 2,1 milyon manatdan artıq qrant ayırmışdır. Səhiyyə Nazirliyi müxtəlif layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün 2013-cü ildə 1,4 milyon manatdan artıq, 2014-cü ilin ilk doqquz ayı ərzində isə təxminən 1 milyon manat həcmində qrant ayırmışdır. Ümumiyyətlə, hazırda ölkəmizdə dövlət büdcəsi hesabına maliyyələşən 20-yə yaxın qurum tərəfindən qeyri-hökumət təşkilatlarına qrantlar ayrılır. Bütün bunlar onu göstərir ki, QHT-lərin layihələrinin ölkədaxili mənbələr hesabına maliyyələşdirilməsi üçün kifayət qədər imkanlar mövcuddur və hazırda ölkəmizdə fəaliyyət göstərən 4 mindən çox qeyri-hökumət təşkilatının hər biri bu imkanlardan yararlana bilər. Bu mənada yerli QHT-lərin fəaliyyətinin yalnız xarici donorların qrantları hesabına mümkün olduğu barədə deyilən fikirlər qətiyyən həqiqəti əks etdirmir. Hesab edirəm ki, xarici donorların öz maliyyə vəsaitlərini vətəndaş cəmiyyətinin tamamilə yox səviyyəsində olduğu və ya vətəndaş cəmiyyəti institutlarını maliyyələşdirmək imkanına malik olmayan dövlətlərə, o cümlədən münaqişələr, vətəndaş müharibələri və onların nəticələrinin aradan qaldırılması, aclıq, quraqlıq, ebola və digər bu kimi qlobal təhlükə və çağırışlarla mübarizəyə yönəltməsi daha məqsədəuyğun olardı".

PA rəsmisi əlavə edib ki, Azərbaycan dövləti özü də qlobal təhlükələrlə mübarizə aparılması üçün donor ölkə kimi başqa dövlətlərə və beynəlxalq təşkilatlara maliyyə yardımları edir: "Azərbaycan Respublikası tərəfindən yalnız 2014-cü il ərzində ebola virusu ilə mübarizə aparmaq üçün BMT-nin Qlobal Fonduna 1 milyon dollar, Qəzza bölgəsində yaranmış humanitar böhranın aradan qaldırılması üçün təxminən 640 min dollar, Serbiyada məskunlaşmış qaçqın və məcburi köçkünlərə yardım etmək məqsədilə təxminən 535 min dollar, humanitar məqsədlərlə və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün müxtəlif ölkələrə təxminən 1 milyon dollar məbləğində yardımlar ayrılmışdır. Ümumiyyətlə, son üç il ərzində belə yardımların məbləği təxminən 16 milyon ABŞ dolları olmuşdur. Bundan əlavə, bu gün Azərbaycan Avropa ölkələrində belə mədəni, sosial layihələrin icrası və humanitar böhranların aradan qaldırılması məqsədilə maliyyə yardımları ayırır".

F.Ələsgərov bildirib ki, bütün bunları deməkdə məqsədi odur ki, Azərbaycanın maliyyə resursları kifayət qədərdir və bu resurslar hesabına nəinki ölkə daxilində vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin maliyyələşdirilməsi, eyni zamanda başqa dövlətlərə yardımlar edilməsi də mümkündür və edilir də: "Lakin bu yardımların məqsədi həmin dövlətlərin daxili işlərinə qarışmaq deyil, qlobal problemlərin həllində onların yanında olmaqdır. Hesab edirəm ki, xarici donorlar da maliyyə imkanlarını məhz bu kimi qlobal problemlərin həllinə yönəltməlidirlər. Bununla onlar daha vacib məqsədlərə xidmət etmiş olarlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti