...

Azərbaycan və Pakistan dini radikalizmlə mübarizə yollarını araşdırırlar (FOTO)

Siyasət Materials 9 Dekabr 2014 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Pakistan Strateji Tədqiqatlar İnstitutunun (PSTİ) təşkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə İslamabad şəhərində "Dini tolerantlığın gücləndirilmısi və radikalizmlə mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə PSTİ-nin sədri, səfir Xalid Mahmud açıb. O, iki qardaş ölkənin tolerantlığın gücləndirilməsi istiqamətində təcrübəsinin öyrənilməsi baxımından bu konfransın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Konfansda çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov Azərbaycan hökumətinin ölkədə dini tolerantlığın qorunması və radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi siyasətdən danışıb.

O, qeyd edib ki, ölkəmizin uğurlu sosial-iqtisadi inkişafının təmin edilməsi, cəmiyyətin problemlərinin həlli istiqamətində atılmış mühüm addımlar, dini maarifləndirmə işinin gücləndirilməsi və gənclərlə iş, həmçinin müxtəlif inzibati tədbirlər Azərbaycan dövlətinin antiradikalizm siyasətinin əsas elementlərini təşkil edir.

Panellərdə işini davam etdirən konfransda PSTİ-nin baş direktoru Rəsul Bəxş Rəis, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimi Aqil Şirinov, PSTİ-nin ekspertləri Məhəmməd İslam və İcaz Şəfi Gilani, həmçinin DQİDK-nın şöbə müdirləri Niyaz Yaqublu və Nicat Məmmədli çıxış ediblər.

Çıxışlar zamanı radikalizmi doğuran səbəblər, onunla mübarizədə hər iki ölkənin qarşılaşdığı məsələlər müzakirə edilib, bu istiqamətdə təcrübə mübadiləsinin və gələcək əməkdaşlığın zəruriliyi vurğulanıb.

Konfransdan sonra iştirakçılara Azərbaycan məscidlərinin fotolarından ibarət "Azərbaycan - İslam mədəniyyətinin incisi" sərgisi təqdim edilib. Təqdimat zamanı DQİDK sədrinin müavini G.İsmayılov bu gün ölkəmizdə fəliyyət göstərən məscidlərin sayının 2000-dən çox olduğunu qeyd edərək onlara dövlət qayğısından danışıb. Sərgidə 40-dan çox məscid, o cümlədən Qarabağdakı erməni işğalı altında olan məscidlərimizin işğaldan əvvəlki və sonrakı fotoları nümayiş etdirilib.

Konfrans və sərgidə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları, həmçinin xarici ölkələrin Pakistandakı diplomatik nümayındəliklərinin rəhbərləri və əməkdaşları, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti