...

Romada Xocalı qurbanları anıldı

Siyasət Materials 25 Fevral 2015 18:11 (UTC +04:00)
Roma şəhərində “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi keçirilib.
Romada Xocalı qurbanları anıldı

Azərbaycan, Bakı, 25 fevral /Trend/

İtaliyanın paytaxtı Roma şəhərində "Grand Hotel Plaza" hotelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filminin nümayişi keçirilib.

Tədbir Azərbaycanın İtaliyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı şəraitində baş tutub.

TEAS-dan Trend-ə verilən məlumata görə, filmə baxışdan əvvəl Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov və Avropa Azərbaycan Cəmiyytinin direktoru Laynel Zetter cıxış ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, "Xocalıya Ədalət" təbliğat-təşviqat kampaniyası 8 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb. Bü müddət ərzində dünyanın müxtəlif ölkələrində 100-dən çox tədbir keçirilmişdir. Məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda sülhün və ədalətin bərqərar olunması üçün geniş beynəlxalq dəstək əldə edilmişdir.

Xatırladaq ki, "Sonsuz dəhliz" sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilmişdir. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulmuş, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilmişdir. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti