...

Xocalı soyqırımına MTN yanaşması

Siyasət Materials 26 Fevral 2015 14:55 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Xocalı soyqırımına MTN yanaşması

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

MTN-in İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 26-da Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Akademiyanın akt zalının foyesində Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olmuşlar. Anım tədbiri açıq elan edildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir.

Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev çıxış edərək bildirmişdir ki, bəşər tarixində qanlı və dəhşətli faciələrdən biri olan Xocalı soyqırımına həsr olunmuş tədbiri xalqımızın ümummilli lideri Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm: "Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olmuşdur. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunun, xalqımızın milli azadlıq uğrunda apardığı müharibənin qurbanlarıdır, şəhidləridir. Bu qəddar və amansız soyqırım aktı insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil oldu".

Əsrlərdən bəri monoetnik, "böyük Ermənistan" yaratmaq kimi sərsəm iddia ilə yaşayan ermənilər Azərbaycan torpaqlarına sahib olmaq, öz məkrli niyyətlərini həyata keçirmək üçün dəridən-qabıqdan çıxmış, tarixdə görünməmiş cinayət və vəhşiliklərə, kütləvi qırğınlara, vandalizmə əl atmışlar. Qonşu olduqları dövlətlərin torpaqlarına göz dikmək erməni xislətinə xas olan ən əsas xüsusiyyətlərdən biridir. Erməni millətçiləri öz mənfur niyyətlərinə çatmaq üçün daim əlverişli məqamlardan istifadə etmiş, hər dəfə bölgədə ictimai-siyasi durum dəyişən kimi daha da fəallaşaraq fitnə-fəsad törətmişlər.

General-mayor İ.Allahverdiyev bildirmişdir ki, tarixdə erməni xəyanəti və vəhşiliyi nəticəsində çoxlu sayda dəhşətli və qanlı faciələr baş vermişdir.1804-cü ildə Gəncə, 1827-ci ildə İrəvan şəhərlərinin rus qoşunları tərəfindən işğalında, 1911-ci ildə Cənubi Azərbaycandakı xalq azadlıq hərəkatının boğulmasında, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda, həmin ilin mayında Gəncədəki böyük xalq üsyanının yatırılmasında erməni fitnəkarlığı həlledici rol oynamışdır. 1918-20-ci illərdəki Zəngəzur, İrəvan, Göyçə, Şamaxı, Quba, Urmiya qırğınları tariximizin ən qanlı səhifələrindəndir. Onu demək kifayətdir ki, 1918-ci il martın son üç günü ərzində ermənilər tərəfindən Bakıda törədilən qırğınlarda minlərlə azərbaycanlının həyatına son qoyulmuşdur.

İndiki Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsi başa çatdıqdan sonra Azərbaycanın əzəli və tarixi ərazisi olan Dağlıq Qarabağın Ermənistana ilhad edilməsi üçün fəal döyüş əməliyyatlarına başlandı. Azərbaycanın şəhər və kəndlərində terror və təxribat aktları törədilir, Dağlıq Qarabağın, ölkəmizin Ermənistanla həmsərhəd rayonlarının dinc azərbaycanlı əhalisi arası kəsilməyən silahlı basqınlara məruz qalırdı. Cəzasızlıq, himayədarların köməkliyi erməniləri daha da azğınlaşdırırdı. Artıq onlar ən vəhşi əməlləri törətməyə hazır idilər.

Qeyd etmək lazımdır ki, həmin dövrdə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət də olduqca gərginləşmişdi. O vaxtkı hakimiyyətin naşılığı, bacarıqsızlığı və iradəsizliyi nəticəsində Milli Ordunun yaradılması işi ləngiyirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin başlanğıcında Azərbaycan Silahlı Qüvvələri Milli Ordunun tam silahlanmamış bir neçə taborundan, DİN, MTN, Xüsusi təyinatlı milis dəstələrinin bölmələrindən, pis silahlanmış və yaxşı təlim keçməmiş vahid komandanlığı olmayan, yerli özünümüdafiə qüvvələrindən və müxtəlif partiyaların könüllülərindən təşkil olunmuş dəstələrdən ibarət idi. Müqayisə üçün qeyd etmək yerinə düşərdi ki, erməni silahlı dəstələrindəki təkcə muzdluların sayı azərbaycanlı döyüşçülərdən çox olmaqla yanaşı, onlar həm də daha yaxşı təşkil olunmuş, silahlanmış və təlim keçmişdilər. Sovet silahlı qüvvələrinin 366-cı motoatıcı alayı da açıq-aşkar ermənilərin tərəfində idi. Bu alayın əksər zabiti və giziri milliyətcə erməni idi.

1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki erməni terrorçu-separatçı dəstələri ilə, Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək təkcə azərbaycanlılara qarşı deyil, bütün türk-müsəlman dünyasına, bəşəriyyətə və insanlığa qarşı müdhiş bir cinayəti - Xocalı soyqırımını törətdilər. Bir günün içində 613 soydaşımız soyqırımının qurbanı oldu. Vəhşiliklə qətlə yetirilənlərin içində 63 uşaq, 106 qadın, 70-i isə qoca idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 nəfəri isə itkin düşdü.

Xocalı soyqırımından sonra erməni vəhşiliyi, vandalizmi və azğınlığı getdikcə daha da şiddətlənirdi. Nəticədə Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmişdir. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycan xalqının mədəni tarixi irsini xüsusi qəddarlıqla məhv etmişlər.

İ.Allahverdiyev bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra erməni millətçilərinin azğın təbliğat kampaniyasına qarşı məqsədyönlü və ardıcıl tədbirlər görülməsinə başlanmışdır. "Azərbaycanlıların soyqırımı haqda" Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar, soyqırımı rəsmən məhz bu mühüm sənəddə bəyan edilmiş, Cənubi Qafqazda Azərbaycan xalqı əleyhinə aparılmış etnik təmizləmə siyasətinin kökləri açıqlanmışdır. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.

Xocalı soyqırımı elə azğın və dəhşətli formada törədilmişdir ki, bəşər övladı özünün bütün tarixi ərzində belə vəhşilik və qəddarlıq nümunələrini az-az görmüşdür. Hüquqi xarakterinə və səciyyəvi xüsusiyyətlərinə görə Xocalı faciəsi beynəlxalq hüquq münasibətlərinə qəsd edən, bəşəriyyət əleyhinə yönələn dəhşətli insan qırğını, bütöv bir xalqa, azərbaycanlılara qarşı törədilmiş soyqırımdır.

Qeyd olunmuşdur ki, Ümummilli lider Heydər Əliyevin erməni təcavüzkarlarına qarşı mübarizəsi onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Artıq bu mübarizə bütün dövlət qurumları, ictimai təşkilatlar, alimlər, yazıçılar tərəfindən mərkəzləşdirilmiş qaydada, beynəlxalq siyasi və humanitar təşkilatların dəstək və imkanlarından istifadə olunmaqla həyata keçirilir.

Sonda İ.Allahverdiyev bildirmişdir ki, müdrik xalqımızın yaddaşından Xocalı soyqırımı heç vaxt silinməyəcəkdir. Millətimiz öz şəhidlərinin qanını, günahsız qurbanları, körpələrin göz yaşlarını unutmamışdır, bu vəhşiliklərin yaddaşlardan silinməsi mümkünsüzdür. Azərbaycan xalqı ermənilərin insanlığa nifrət siyasəti ilə heç bir zaman barışmayacaq, güclü, cəsur, yüksək mənəviyyatlı və əqidəli Azərbaycan əsgəri torpaqlarımızı mənfur işğalçılardan təmizləyəcək, tarixi ədalət bərpa olacaqdır.

Tədbirdə çıxış edən Akademiyanın dinləyicisi leytenant S.Ələkbərov, kursantları - E.Hacıyev və İ.Cəlilov Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlarına, bütün Azərbaycan gəncləri kimi, Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərinə, dövlətçiliyimizin möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəklərini və Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirəcəklərini bildirmişlər.

Tədbirin sonunda "Məhv edilmiş şəhər - Xocalı faciəsi" adlı sənədli film nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti