Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Elçin Mehdiyev/
"Müsavat Partiyasının Mərkəzi nəzarət-təftiş komissiyasının başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun partiya sıralarından çıxarılması ilə bağlı etdiyim müraciətə cavabını doğru hesab etmirəm. MNTK özünü tərəf kimi göstərir. Halbuki MNTK tərəfsiz olmalıdır və onlar üçün əsas şəxslər yox, partiyanın nizamnaməsi olmalıdır". Bu barədə Trend-ə verdiyi ərizə ilə əlaqədar bu gün MNTK-nın iclasına dəvət edilən Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı deyib.
MNTK-nın iclasında iştirak etdiyini deyən T.Abbaslı ondan ərizəsindəki ifadələrin izahının soruşulduğunu deyib: "Xüsusən də məndən "partiyadaxili demokratik münasibətlərin pozulması" ifadəsinin izahını istədilər, mən də dedim ki, tolerantlıq, rəqibə qarşı dözümlülüyü nəzərdə tutmuşam. Amma əslində mənim ərizəmin mətnini müzakirə etmək MNTK-nın işi deyil, yəni ərizənin mahiyyəti və məzmunu məlumdur. Orada sual verilir ki, Qubad İbadoğlu niyə partiya sıralarından çıxarılıb? MNTK şifahi şəkildə Divanın qərarını dəstəklədiyini, yəni araşdırma apardıqlarını və qərarın düzgün olduğunu qeyd etdilər. Divanın qərarında qeyd olunur ki, Qubad İbadoğlunun kütləvi informasiya vasitələrində və digər yerlərdə partiyanın nizamnaməsini pozan çıxışları, hərəkətləri. Mən soruşanda ki, hansı hərəkətlər, hansı çıxışlar? Misal üçün, mənə deyin ki, bu yerdə etdiyi bu çıxış, bu iclasda atdığı bu addım partiya nizamnaməsinin bu bəndlərinə ziddir. Onlar bunları göstərmədilər, bildirdilər ki, yazılı şəkildə sənə bildirəcəyik".
O, əmin olduğunu bildirib ki, Divanın da qərarında konkret hərəkətlər göstərilməyib: "Kimisə partiyadan kənarlaşdıranda konkret hərəkətlər göstərilməlidir. Amma burada ümumi ifadələrlə göstərilir və belə bəndlərin olduğuna inanmıram. Odur ki, onların yazılı cavabını da gözləyəcəyəm".
Qeyd edək ki, fevralın 6-da Müsavat Partiyası Divanının iclasında Q.İbadoğlu partiyanın sıralarından xaric edilib.