Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycan Xarici İşlər Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları"nı təsdiq edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənəddə xarici KİV nümayəndələrinin akkreditasiyası barədə müraciətlərə baxılması qaydaları və akkreditasiyanın ləğv edilməsi ilə bağlı qaydalar öz əksini tapıb.
Qaydalara əsasən, xarici KİV nümayəndələrinin akkreditasiyası barədə müraciətə 30 (otuz) gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici KİV nümayəndələrinə akkreditə kartı verilir. Akkreditə kartı etibarlı olduğu dövr ərzində onun sahibinə Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququ verilir. Akkreditasiya olunmuş xarici KİV nümayəndələri akkreditə kartını XİN-dən şəxsən təhvil alırlar.
Akkreditasiyanın ləğv edilməsi ilə bağlı qaydalarında isə göstərilir ki, akkreditasiya olunmuş xarici KİV nümayəndələri tərəfindən akkreditasiya qaydaları pozulduqda, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət həyata keçirildikdə, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər edildikdə, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda və ya bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda, XİN tərəfindən xarici KİV nümayəndələrinin akkreditasiyası ləğv edilir.
Xarici KİV nümayəndələrinin peşə fəaliyyəti vaxtından əvvəl bitdikdə, akkreditə kartının üzərində göstərilmiş etibarlılıq müddəti qurtardıqda və ya akkreditasiya ləğv edildikdə akkreditə kartı XİN-ə təhvil verilir.