Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
"Tanınmış informasiya illüzionisti Stanislav Tarasov Seyran Ohanyanın Moskvaya getməməsinin səbəbi üzərində düşünmək istəmir. Amma Azərbaycan və Rusiya müdafiə nazirlərini bağlı qapı arxasında təkbətək keçirdiyi görüş barədə isə məlumat yaymaqdan çəkinmir. Səbəbi həmin görüş barədə saxta məlumat yaymaqdır. Saxta məlumat yaymaqda məqsəd isə ermənilərə lazım olan mövqeni təbliğ etməkdir". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan müdafiə naziri Zakir Həsənov Rusiyanın müdafiə naziri S. Şoyqunun dəvəti ilə Rusiyaya səfər etdi. Rusiyanın Müdafiə Nazirliyinin keçirdiyi Beynəlxalq Hərbi oyunlarda qonaq statusunda iştirak etdi. Bu zaman Azərbaycan və Rusiyanın müdafiə nazirləri bağlı qapı arxasında təkbətək görüş keçirərək regional təhlükəsizlik məsələlərini, o cümlədən Azərbaycan Rusiya arasında hərbi texniki əməkdaşlıq məsələlərinin perspektivlərini müzakirə etdilər: "Hər halda bəllidir ki, hərbi-texniki əməkdaşlıq inkişaf edəcək. Əvvəlcədən və sonradan yayılan məlumatlar bunu deməyə əsas verir. Azərbaycanla Rusiya arasında regional təhlükəsizlik məsələlərində də birgə əməkdaşlıq üçün kifayət qədər əsas var. Hər iki dövlət Şimali Qafqazda təhlükəsizlik məsələlərində bir-biri ilə strateji əməkdaşlıq etməyə möhtacdırlar".
M.Əhmədoğlu deyib ki, Rusiyanın strateji müttəfiqi, KTMT üzvü Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu tədbirdə iştirak etmədi. Hətta birinci müavini D.Tonoyanı antirusiya mahiyyətli danışıqlar üçün ABŞ-a göndərdi: "Seyran Ohanyanın iştirak etməməsi səbəbsiz deyildi. Çünki, S. Ohanyan Rusiyaya qarşı yalnız xəyanətlə məşğuldur. Rusiyanın hərbi sirrlərini Qərbə satıb".
Politoloq hesab edir ki, vaxtilə tanınmış informasiya illüzionisti Stanislav Tarasov Rusiya Xarici İşlər Nazirliyi daxilindəki mənbələrə söykənərək Rusiya Xarici İşlər Nazirliyi adından Gizlərə, hətta Terek çayına qədər olan ərazilərin İran əraziləri olduğunu iddia edirdi. Xəritələri, arxiv materiallarını dərc edirdi: "Ermənilərə belə lazım idi. Rusiya Xarici İşlər Nazirliyi adından Terek çayına qədər olan ərazinin İrana olan məxsusluğunu sübut edərkən cəza, və yaxud cavabını alsa idi, Tarasov indi RF Müdafiə Nazirliyinin adından ermənilərin maraqlarına xidmət edən məlumat yaya bilməzdi. Rusiya-Azərbaycan sərhədində müxtəlif radikal islamçılara qarşı keçirilən tədbirlərdə isə Azərbaycan və Rusiya orduları iştirak etməyiblər. Azərbaycan və Rusiyanın Daxili İşlər Nazirliyinin xüsusi təyinatları o əməliyyatlarda iştirak ediblər. Ona görə indi guya Zakir Həsənovla Sergey Şoyqunun görüşündə həmin məsələlər, ona bənzər hadisələrə hazırlıq işləri müzakirə olunub. Belə deyil. Hal-hazırda ən əsas məsələ SSRİ dövründə fəaliyyət göstərən SSRİ-İran sərhədi boyunca keçən dəmir yolu xəttinin bərpasıdır".
M.Əhmədoğlunun sözlərinə görə, Rusiyada ermənilərin gücünün təmsilçilərdən olan REGNUM və REX informasiya agentlikləri ətraflarına xeyli miqdarda sayt və ekspertlər cəlb ediblər. İnformasiya illüzionisti S.Tarasov və şefi Modest Kolerov kifayət qədər analitik qabiliyyətə malikdirlər: "Onlar başa düşürlər ki, ermənilərin gücü zəifləyir və ermənilərin təbliğatı hətta Kolerov və Tarasov kimi adamların iştirak etməsinə baxmayaraq getdikcə geriləyir. Çox sadə nümunə var: Əgər ermənilərin təbliğatı qaydasında olsa idi, Ermənistanın prezidenti Serj Sərkisyan iri sammitlərdə, dünyanın nüfuzlu dövlət başçılarının hüzurunda yalan danışmazdı.Serj Sərkisyan prezident titulundan yalanını, blefini irəlilətmək üçün istifadə edir. İran-Ermənistan dəmir yolunun reallaşması baş tutan məsələ deyil".
Politoloq əlavə edib ki, Gürcüstanda hətta rusiyapərəst qüvvələr də indi gürcü-abxaz dəmir yolunun açılmasından danışa bilmirlər. Gürcü-abxaz dəmir yolu açılmayacaqsa, İran-Ermənistan dəmir yolunun açılmasının zərrə qədər əhəmiyyəti yoxdur. Amma Serj Sərkisyan BRİKS, ŞƏT və AİB-in sammitində etdiyi çıxışın yarıdan çoxu yalnız İran-Ermənistan dəmir yolu layihəsi və İran-Ermənistan münasibətləri üzərində qurulmuşdu. S. Sərkisyan prezident titulundan yalan tribunası kimi istifadə etməsi Tarasov və Ko -nun rolunu zərrə qədər azaltmır. Onlar ermənilərin, hətta Rusiyanın əleyhinə mövqeyini sonadək təbliğ və müdafiə etmək niyyətindədirlər: "Biz Rusiya ilə Azərbaycan arasında bütün sferalar üzrə gedən danışıqları üstün dəyərləndiririk. Rusiyada artıq sağlam qüvvələr üstünlük götürüb. Rusiyada artıq ermənilərin xəyanətkarlığını başa düşürlər. RF-in Dağlıq Qarabağ tənzimləməsinə münasibəti bəllidir. İndi bu mövqe bizi qane edir. RF antirusiya siyasət aparan Ermənistanı Azərbaycan vasitəsilə cəzalandırmaq barədə düşünməyə hazır deyil, bilirik. RF Dağlıq Qarabağ münaqişəsi regionunda müharibədən qorxur, səbəbini bilirik. Amma Mehri dəmiryolunun açılmasına Ermənistanın razılıq verməyəcəyi təqdirdə RF-in Dağlıq Qarabağ münaqişəsi regionunda idarə olunan hərbi əməliyyatlara şərait yaratması qaçılmaz olacaq: RF kiçik müharibə ilə böyük müharibənin qarşısını ala bilər. Tarasov və Ko ermənilərin gücünə çox inanırlar. Ola bilər, Tarasov və Ko ermənilərin pulunu yaxşı tanısın. Amma bir şeyi də nəzərə alsınlar ki, biz də ermənilərin özünü yaxşı tanıyırıq".