...

“Azərbaycanın geosiyasəti”

Siyasət Materials 31 Avqust 2015 13:53 (UTC +04:00)
Bütün hallarda yuxarıda yazdıqlarımızdan belə nəticəyə gəlmək olar ki, yeni mədəniyyət düşüncəsi və dilin qorunması, onun inkişafı geosiyasi etibarlılığı regionda artırır, onun çəkisinə müsbət mənada pozitiv yük gətirir.
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

Bütün hallarda yuxarıda yazdıqlarımızdan belə nəticəyə gəlmək olar ki, yeni mədəniyyət düşüncəsi və dilin qorunması, onun inkişafı geosiyasi etibarlılığı regionda artırır, onun çəkisinə müsbət mənada pozitiv yük gətirir.

Azərbaycanın geosiyasi etibarlılığını, çəkisini gücləndirən amillərdən biri də dövlətin xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik korpusların və soydaşlarımızın yaşadığı ölkələrdə yaratdıqları qurumların vasitəsilə fəaliyyət göstərən diaspora təşkilatları, bununla yanaşı lobbiçilikdir. Bu barədə Əli Həsənov yazır: "Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sırasına xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri, dünyada yaşayan azərbaycanlıları və s. aid etmək olar. Azərbaycan bu resurslar vasitəsilə dünyanın siyasi, mədəni, diplomatik və s. həyatında iştirak edir və müvafiq sahələrdə öz geosiyasi maraqlarını təmin etməyə çalışır. Xarici siyasət resurslarının gücünə, xarici ölkədəki səfirliklərin və diplomatlarının sayına görə də Azərbaycan əksər postsovet və Cənubi Qafqaz ölkələrindən üstün mövqedədir". (Bax, s. 148-149)

Yeri gəlmişkən, Azərbaycanın 85 xarici diplomatik təsisatı- 57 səfirliyi, 5 daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 fəxri konsulluğu və 7 təmsilçiliyi fəaliyyət göstərir ki, onlarda işləyən diplomat və xidmətçilərin sayı hazırda 1000 nəfərə yaxındır. Müəllif bu barədə öz kitabında qeyd edir ki, xaricdə yaşayan və ölkənin xarici siyasət resursu kimi (burada da daha yeni bir terminə rast gəlirik-xarici siyasət resursu. Ümumiyyətlə onun kəşf etdiyi hər yeni terminə aid qalın bir kitab yazmaq olar. Fikrimcə bu yeni terminlər təkcə Azərbaycanın leksikonunu və terminologiyasını zənginləşdirmir, bu həm də dünya terminologiya bazasına yeni töhfələr verir) dəyərləndirilən soydaşlara gəldikdə, Cənubi Azərbaycanda, Gürcüstan, Rusiyanın Dərbənd vilayəti və başqa ölkələrdəki tarixi vətənlərində yaşayan təxminən 30-35 milyon azərbaycanlı ilə yanaşı, dünyada yaşayan digər soydaşlar da ana Vətənlə, yəni yeganə tarixi torpaqları ilə əlaqələrini kəsməmişdir. Qeyd edək ki, Cənubi Azərbaycan istisna olmaqla, bunların sayı təxminən 2 milyondan artıqdır və onlar Azərbaycan üçün potensial investisiya mənbəyi hesab olunurlar.

Hörmətli professora görə, məhz ikincilər, yəni Azərbaycanla sərhəd dövlətlərin ərazisində yaşamayanlar Azərbaycandakı yaxınları və digər soydaşları ilə mütəmadi əlaqə yaradır, onların maddi problemlərinin həllində iştirak edir, yaşadıqları ölkələrdə qazandıqları vəsaitin bir qismini doğmalarına, yaxud müxtəlif işlərə yönəldirlər. Odur ki, bu qəbildən olan azərbaycanlılar Azərbaycanın həm daxili, həm də qlobal inkişafında, onun sabit və təhlükəsiz yaşamasında, problemlərin həllində daha çox maraqlıdırlar. Bu da Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətdə həmin insanlardan öz resursu kimi istifadə etmək imkanı verir.

Yeri gəlmişkən, xarici siyasət resursu soydaşlarımızın vətəndaşı olduğu, yaxud müvəqqəti yaşadığı ölkələrdə təkcə say hesabı ilə ölçülmür, bu həm də onların bu ölkələrdə fəal siyasi, elmi, iqtisadi, mədəni işlərlə məşğul olmasını, o cümlədən cəmiyyətə qaynayıb qarışmasını, müxtəlif təbəqələr və siyasi qurumlara fəaliyyətinin inteqrasiyasını, yerli insanlara, siyasi və ictimai təşkilatlar, müxtəlif insanlara tarixi vətənlərini, yəni Azərbaycanı sevdirməsini ehtiva edir.

Bu arada Azərbaycanın və xaricdə yaşayan soydaşlarımızın yürütdüyü lobbiçilik siyasətindən yazmaq yerinə düşərdi.

***

Azərbaycanın geosiyasi etibarlılığını və çəkisini artıran amillərdən biri də onun apardığı lobbiçilik siyasətidir. Belə ki, diaspora nümayəndələrinin Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq arenada daha da effektli yürüdülməsi üçün azərbaycanlı olmayan, lakin dünyada, ölkəsində, yaşadığı vilayətdə hörmət və nüfuz sahibi olan insanlarla təmas qurmaq, onlara Azərbaycanı sevdirmək, bəzən isə beynəlxalq və ölkədaxili iclaslarda mühüm qərarların qəbul olunmasında Azərbaycanı dəstəkləmək lobbiçilik strategiyamızın ayrılmaz hissəsi olmalıdır.

Bəzən, diasporumuz xaricdə fəaliyyət göstərərkən onlara irad tutulur ki, siz azərbaycanlı olduğunuz üçün Azərbaycanı dəstəkləyirsiniz və hamıya da göstərilir ki, bu insanın tarixi vətəni Azərbaycan olduğu üçün bu dövlətin maraqlarından çıxış edir. Bu doğrudur, lazımdır. Lakin, diaspora nümayəndəmizin çıxışı ilə yanaşı azərbaycanlı olmayan kimsə çıxış edəndə bunun qəbul olunacaq qərarlara təsiri daha da güclü olur, bunun qarşısına əks arqument qoymaq çətin olur. Düşünürəm ki, lobbiçilik siyasətini cəmiyyətin bütün sahələrində- siyasətdə, iqtisadiyyatda, idmanda, mədəniyyətdə tətbiq etmək lazımdır. Elə 2015-ci ildə Bakıda beynəlxalq humanitar forumun keçirilməsi, buraya dünyanın nüfuzlu insanlarının dəvət edilməsi buna bariz nümunədir. Aparılan lobbiçilik siyasəti Qarabağ probleminin çözülməsində əvəzsiz rol oynayır. Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etməsi və uzun illərdir Qarabağ probleminin erməni lobbisinin səyi nəticəsində həll olunmaması geosiyasi etibarlılığa zərbə vurur, onun əsaslarının sarsıdır. Bu barədə hörmətli professor yazır: "Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən və geosiyasi dəyərini (fikir verin; daha yeni bir termin- geosiyasi dəyər- kursiv Y. O.) aşağı salan bəzi amillər də mövcuddur.

Tədqiqatçılar bu sıraya Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin 20 ildən çox həll olunmamasını aid edirlər. Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişafı yolunda rastlaşdığı ən mühüm problem də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Müstəqilliyin ilk illərində bu problem ölkənin bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq, beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasətinə uzun müddət ciddi mənfi təsir göstərmişdir". (Bax, s. 153)

Əli Həsənova görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də bütövlükdə regionun iqtisadi, siyasi tərəfdaşlıq mühitinə, sülh və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən başlıca amildir. Bu münaqişə həmçinin regionda transmilli enerji, nəqliyyat və dəhliz infrastrukturlarının təhlükəsizliyini təhdid edir. Mütəxəssislər hesab edirlər ki, münaqişənin həllində heç bir irəliləyişin olmaması bir tərəfdən Azərbaycan ictimaiyyətini anti-qərb əhval-ruhiyyəsində kökləyir, digər tərəfdən isə Avrasiyanın təhlükəsizlik sisteminə, tərəfdaşlıq mühitinə mənfi təsir edir və qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinə, Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsindəki regional qarşıdurmalara və bəzi ölkədaxili problemlərə görə bir çox maraqlı dairələr dünya investorlarına Azərbaycanı nə qədər əlverişsiz ölkə kimi təqdim etməyə çalışsalar da, malik olduğu zəngin enerji resursları, Xəzər hövzəsində yürütdüyü neft-qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər, cəlbedici və arzuolunan tərəfdaşa çevirmişdi.

Azərbaycanın geosiyasi kodundan bəhs edərkən təbiidir ki, bu anlamda Azərbaycanın yerli, regional və beynəlxalq səviyyədə yeri, fəaliyyəti və onlara münasibəti, eyni zamanda və hər üç amilin fəaliyyət nüfuzundan asılı olaraq Ermənistan-Azərbaycan münaqişəsində problemin ədalətli həlli üçün açar rolunu oynayır. Yeri gəlmişkən Əli Həsənov bir siyasətçi, bir alim kimi həmişə "Ermənistan-Azərbaycan münaqişəsi" sözlərini yazanda birinci olaraq Ermənistan sözünü yazır. Çoxları bunun mahiyyətinə varmır. Bəziləri düşünür ki, bunun nə fərqi var ki, hansı söz birinci yazılacaq, amma bu, belə deyil. Əgər birinci Ermənistan sözü yazılırsa, bu o anlama gəlir ki, münaqişəni başlayan tərəf Ermənistandır və o işğalçıdır, Azərbaycan tərəfi isə təcavüzə məruz qalıb və müdafiə olunmaq zorundadır.

Bir neçə kəlmə də geosiyasi kod haqqında. O yazır: "Geosiyasi kod hər bir ölkənin siyasi fəaliyyətindən, ölkə rəhbərlərinin və əksər əhalinin ətraf aləmə münasibətindən, geoməkan təsəvvüründən, dərk olumuş və yaxud iddia olunan milli maraq, milli mənafe dairəsi və onun təmin olunması vasitələrindən, xarici aləmlə ünsiyyət zamanı ölkənin kəsb etdiyi maddi, mənəvi, hərbi, insani dəyərlərdən, xarici aləmdən yarana biləcək geosiyasi təhlükələrə reaksiyasından, müqavimət gücündən, malik olduğu hərbi-texniki vasitələrdən və s. keyfiyyət göstəricilərindən asılı olaraq müəyyənləşir". (Bax, s. 157) Buna görə də geosiyasi fəaliyyət kodeksi: "yerli, regional və planetar olmaqla üç qrupa ayrılır.

Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti