...

MTN-in Akademiyasında Bilik günü qeyd olunub

Siyasət Materials 15 Sentyabr 2015 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunmuşdur.

MTN-in İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında yeni tədris ilinin başlaması ilə əlaqədar Bilik günü təntənəli sürətdə qeyd olunmuşdur. Tədbir əlaçı kursantların dövlət bayrağını qaldırması və mərasim iştirakçıları tərəfindən Azərbaycan Respublikasının dövlət himninin ifa edilməsi ilə başlanmışdır.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini general-mayor Şahin Sultanov yeni tədris ilinin başlanması münasibətilə bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin professor-müəllim heyətini və kursantları təbrik etmişdir.

General-mayor Şahin Sultanov bildirmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi-iqtisadi kurs müasir tələblər səviyyəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inamla və uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən həyata keçirilən məqsədyönlü islahatlar və düşünülmüş siyasət kursu respublikamızda bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarmış, sürətli inkişaf yolunu təmin etmişdir. Bir neçə gün öncə, sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "...Ölkə iqtisadiyyatı inkişaf edir. Bizim beynəlxalq mövqelərimiz daha da güclənir".

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda mütəmadi olaraq beynəlxalq səviyyəli müxtəlif siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin təşkili artıq ənənə şəklini almışdır. Bu ilin iyun ayında ilk dəfə Bakıda keçirilmiş, özünün tarixi və ictimai-siyasi əhəmiyyəti ilə böyük əks-səda doğurmuş birinci Avropa Oyunları da beynəlxalq səviyyəli əlamətdar hadisə kimi yaddaşlara əbədi həkk olunmuşdur. Bu möhtəşəm tədbirə hazırlıq işləri ölkə başçısının, eləcə də Heydər Əliyev fondunun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bilavasitə təşkilatçılığı ilə qısa müddət ərzində uğurla həyata keçirilmişdir. 50 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının iştirak etdiyi, çox yüksək səviyyədə təşkilatçılıq və maddi-texniki təminat miqyası ilə fərqlənən İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə daha yaxından tanınmasında böyük rol oynamış, eləcə də ümumdünya idman tarixinin şanlı səhifələrindən birini yazmışdır. Bütün bunlar isə ölkəmizdə gedən mütərəqqi prosesləri və dayanıqlı sabitliyi obyektiv qiymətləndirən mötəbər beynəlxalq strukturlar, dünyanın qabaqcıl dairələri tərəfindən Azərbaycana etibar edildiyini, hörmətlə yanaşıldığını bariz şəkildə nümayiş etdirir.

Tədbirdə qeyd olunmuşdur ki, ölkə rəhbəri İlham Əliyev Azərbaycan gəncliyinə, eləcə də ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Bu sahəyə əhəmiyyətli investisiya qoyuluşu, Azərbaycan gəncliyinin sürətli inkişafı, gənclərimizin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi, dövlət idarəçiliyinə cəlb edilməsi və s. məsələləri daim diqqət mərkəzində saxlayır.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında kadr hazırlığının dövrün tələbləri səviyyəsində həyata keçirilməsinə, müasir ixtisas və istiqamətlərin açılmasına, yeni fakültələrin yaradılmasına daim xüsusi önəm verildiyini bildirən general-mayor Şahin Sultanov qeyd etmişdir ki, milli təhlükəsizlik orqanları üçün informasiya-təhlil işinin əhəmiyyəti nəzərə alınaraq, milli təhlükəsizlik naziri general-polkovnik cənab Eldar Mahmudovun təşəbbüsü ilə bu il Akademiyada daha bir yeni fakültə - "İnformasiya-təhlil işçilərinin hazırlanması" fakültəsi fəaliyyətə başlamışdır. Cari tədris ilində bu fakültəyə birinci qəbul keçirilmiş və ilk dəfə oğlanlarla yanaşı, qızlar da kursant qismində Akademiyaya qəbul olunmuşlar. Ölkəmizin digər ali təhsil müəssisələrində olduğu kimi, Akademiyada da Boloniya sistemi tətbiq edilir, kursantların biliyinin daha düzgün və obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə 100 ballıq qiymətləndirmə sistemindən istifadə olunur.

Bildirilmişdir ki, Prezident, Ali Baş Komandan möhtərəm İlham Əliyevin diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-polkovnik cənab Eldar Mahmudovun tələbkarlığı və gündəlik nəzarəti sayəsində mütəmadi olaraq planlı şəkildə həyata keçirilən tədbirlər nəticəsində Akademiyada təhsilin keyfiyyəti və səviyyəsi yüksəlir, təhsil və xidməti şərait günbəgün yaxşılaşır, tədris bazası daha da təkmilləşir.

General-mayor Şahin Sultanov kursantlara daim yüksək nizam-intizam, nümunəvi davranış nümayiş etdirməyi, tədrisə böyük məsuliyyətlə yanaşmağı, Vətənə, Dövlətə, Xalqa sədaqətli olmağı tövsiyə edərək demişdir ki, Ümummilli lider Heydər Əliyevin ömür yolu hamı üçün bir örnək, həyat məktəbidir. Müasir tələblərə cavab verən, hərtərəfli hazırlıqlı zabit kimi formalaşmaq üçün Ulu öndərin azərbaycançılıq irsini öyrənmək, onun ideya və amallarına daim sadiq qalmaq hər bir kursantın mənəvi, milli və vətəndaşlıq borcudur.

Sonda general-mayor Şahin Sultanov Akademiyada yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudova Akademiyanın rəhbərliyi və şəxsi heyəti adından dərin minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçərək yeni biliklərə yiyələnmək üçün auditoriyalara yollanmış və Akademiyada tədris prosesinə başlanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti