Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
Gələn ay parlament seçkilərində səs verəcək azərbaycanlıların təqribən 80 faizi hesab edir ki, xalq indiki hakimiyyətin dövründə düzgün iqtiqamətdə hərəkət edir və Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi əsas problem olaraq qalır.
Trend-in məlumatına görə, ABŞ-ın nüfuzlu "Arthur J. Finkelstein & Associates" şirkəti oktyabrın 14-də seçkiqabağı sorğunun nəticələrini açıqlayıb. Sorğu ölkədə 5,1 milyon seçicini əhatə edən geniş məsələlərə toxunub.
Rəyi soruşulanların 82,1 faizi "Ümumilikdə Prezident İlham Əliyevin işini necə qiymətləndirərdiniz" sualına "yaxşı" və ya "əla" cavabını veriblər.
"Ölkə düzgün istiqamətdə hərəkət edirmi" sualına isə respondentlərin 77,1 faizi "düzgün istiqamətdə" cavabını verib. Yalnız 14,7 faizi bildirib ki, istiqamət düzgün deyil. Bu barədə ABŞ-ın "The Street" nəşri şirkətin hesabatına istinadən yazır.
AJF - ABŞ-da fəaliyyət göstərən nüfuzlu şirkətdir. Bu şirkət "exit-poll", sorğu, təhlillərin keçirilməsi üzrə xidmətlər göstərir, eləcə də mediastrategiya və imiclə bağlı konsultasiya aparır.
"Arthur J. Finkelstein & Associates" 40 ildir siyasi konsaltinq və araşdırmalar sahəsində fəaliyyət göstərir. Şirkətin nümayəndələri ABŞ, Kanada, İsrail və Şərqi Avropa ölkələrində müxtəlif siyasi kampaniyalarda iştirak edib, eləcə də sorğu aparıb və strategiya hazırlayıblar.
Hesabatda deyilir: "Hazırda ölkə üçün hansı problem daha vacibdir" sualına azərbaycanlıların 7,2 faizi "iqtisadiyyat" cavabını verib, 41,3 faizi isə Ermənistanın qoşunlarının dərhal çıxarılmasına çağıran beynəlxalq qətnamələri pozmaqla işğalını davam etdirdiyi 7 ətraf rayonla birlikdə Dağlıq Qarabağ məsələsinin olduğunu deyib.
AJF-nin icraçı direktoru Corc Birnbaum deyib ki, Dağlıq Qarabağın ölkə qarşısında daha vacib məsələ olduğunu deyənlər iqtisadiyyat cavabını verənlərdən 5 dəfə çox olub. O, əlavə edib ki, bu, hökumətin siysətinin bütün aspektlərinə aid olan çox emosional məsələ olaraq qalır: "Bunu Qərbin bir çox müşahidəçiləri sadəcə başa düşmür".
Geosiyasi məsələlərə gəlincə, respondentlərin 81,7 faizi razılaşıb ki, "Azərbaycan əksər ölkələrin qeyri-sabit olduğu regionda sabitlik adasıdır" və Avropada baş verənləri nəzərə alsaq, ən əsası budur ki, indiki hökumət Azərbaycanda mühacirət böhranının qarşısını almaq üçün hər şey edib.
80 faizdən çox azərbaycanlı hesab edir ki, təhlükəsizlik məsələləri üzrə Qərb ölkələrinin kəşfiyyatı ilə əməkdaşlıq edən ölkə rəhbərləri xalqı terror aktlarından qoruyub.
Hesabatda deyilir ki, seçicilərin 74,4 faizi hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə hazırlaşır, 14 faizi isə hələ müəyyənləşdirməyib: "Bu o deməkdir ki, YAP-ın namizədlərinin seçki dairələrinin böyük əksəriyyətində qalib gələcəyi gözlənilir".
C.Birnbaum əlavə edib ki, seçicilər siyasi və iqtisadi sabitlik, terrordan uzaq və təhlükəsiz olmağı istəyirlər ki, seçdikləri nümayəndələr Dağlıq Qarabağın qaytarılması uğrunda mübarizəni davam etdirsinlər.
1000 qeydiyyata alınmış seçici ilə sorğu sentyabrın 28-dən oktyabrın 9-dək Azərbaycan üzrə 108 seçki dairəsində "üzbəüz" keçirilib.