Bakı. Elçin Mehdiyev - Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi
- Səyavuş müəllim, bu gün dünyada dinin siyasiləşdirilməsi və siyasi məqsədlər üçün bir alət kimi istifadə edilməsi tendensiyası müşahidə edilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Doğrudur, bu gün müasir dünyada dinin siyasiləşdirilməsi prosesi məqsədyönlü, planlı şəkildə həyata keçirilməkdədir. Məlum güc mərkəzləri, siyasi dairələr tərəfindən geosiyasi, geoiqtisadi maraqların təmin edilməsi məqsədilə müxtəlif bəhanələrlə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi adı altında bir çox ölkələrin daxili işlərinə müdaxilələr olunur. Bu da öz növbəsində, böyük toqquşmalara, qanlı qarşıdurmalara və həmin ölkələrdə ictimai-siyasi sabitliyin köklü şəkildə pozulmasına gətirib çıxarır. Biz Yaxın Şərqə, o cümlədən Suriyaya nəzər saldıqda qeyd etdiyimiz proseslərin bariz nümunələri ilə qarşılaşırıq. Belə ki, inkişafa və tərəqqiyə, müasirliyə, yeni cəmiyyət yaratmağa doğru yönəlmiş Suriya kimi bir ölkəyə dəstək olmaq, yardımlar göstərmək əvəzinə, bu ölkənin inkişafının qarşısının alınmasına yönələn dağıdıcı fəaliyyətlərə rəvac verildi və hazırda dinin siyasiləşdirilməsinin acınacaqlı nəticələri hər kəsə məlumdur.
Vurğuladığımız güc mərkəzlərinin ölkənin daxili işinə müdaxilə edərək orada "milli müxalifət" yaratması, daha sonra "İŞİD" terror qruplaşmasının meydana çıxması və terrorçu "dövlət" səviyyəsinədək güclənməsi Suriyanın taleyini həll etdi. Maraqlı məqam ondan ibarətdir ki, bu gün artıq həmin qüvvələr Suriyadakı "milli müaxalifəti" xatırlamır, eləcə də "İŞİD"-ə qarşı mübarizədə "acizlik" nümayiş etdirirlər. Ortada isə xarabalığa çevrilmiş, insanların vəhşicəsinə öldürüldüyü, qaçqın və köçkün vəziyyətinə düşdüyü, bir neçə hissəyə parçalanmış ölkə qalıb.
- Son dövrlərdə ölkəmizdə də dini siyasiləşdirməyə cəhd edən qüvvələrin aktivliyi müşahidə edilir. Sizcə, Azərbaycanda dinin siyasiləşdirilməsi cəhdlərinin əsas məqsədi nədir?
- Bu gün, həmçinin Azərbaycanın inkişafına mane olmaq istəyən daxili və xarici qüvvələr ölkədə dini siyasiləşdirməyə cəhdlər göstərirlər. Məlumdur ki, Azərbaycan uğurlu inkişaf yolu ilə gedən, regionda lider mövqeyə malik, dünyada enerji təhlükəsizliyinə böyük töhfə verən, dünyəvi güclü bir müsəlman dövlətidir. Müasir tariximizə nəzər salsaq görərik ki, ölkəmizə və onun müstəqil siyasətinə qarşı müxtəlif səpkili təzyiq vasitələrindən mütəmadi olaraq istifadə olunub. Günümüzdə isə bu daha çox özünü dinin siyasiləşdirilməsi müstəvisində göstərməkdədir.
Belə görünür ki, ölkəmizdə mövcud olan ictmai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulması və iqtisadi inkişaf kimlərisə narahat edir. Məhz bu səbəbdən Yaxın Şərq "ssenarisi"ni ölkəmizə tətbiq etməyi xəyal edən qüvvələrin aktivliyi müşahidə edilir. Bununla sadəcə ictimai-siyasi sabitliyi pozmaq deyil, eyni zamanda Azərbaycanın zəiflədilməsi, ərazimizdən başqa, o cümlədən qonşu ölkələrə qarşı istifadə edilməsi, beynəlxalq layihələrdə, xüsusilə enerji layihələrində dövlətimizin diktə edən tərəfdən diktə olunan tərəfə çevrilməsi məqsədi güdülür. Lakin heç kim unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafımıza heç bir mənfur qüvvə mane ola bilməz.
- Bir neçə gün bundan əvvəl bütün dünyada "Beynəlxalq tolerantlıq günü" qeyd edilsə də, dünyanın o qədər də tolerant mühitə malik olduğunu deyə bilmərik. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Həqiqətən də dünyada son vaxtlar baş verən hadisələr tolerantlıq və multikulturalizm kimi dəyərlərin böyük təhlükə altında olduğunu göstərir. Terrorizm, radikalizm və ekstremizm kimi təhlükəli tendensiyalar bir çox ölkələrin gündəlik həyatına sirayət etməkdədir. Fransada və digər ölkələrdə baş vermiş terror hadisələri heç kimin sığortalanmadığını göstərməklə yanaşı, yeni bir mənzərəni də ortaya çıxardı. Belə ki, son vaxtlarda Avropada islamofobiya meyillərinin olduqca genişlənməsi və dinlərarası münasibətlərin gərgin müstəviyə keçidi müşahidə olunur. Onsuz da kifayət qədər iqtisadi-siyasi problemləri olan, mənəvi böhranla üz-üzə qalmış dünya üçün dinlərarası münasibətlərin gərginləşməsi müsbət heç nə vəd edə bilməz. Bu, gələcəkdə daha böyük və təhlükəli qarşıdurmalara gətirib çıxara bilər. Yaxşı olardı ki, dünya birliyi Azərbaycanın malik olduğu dinlərarası münasibətlər və multikulturalizm modelini özü üçün örnək götürsün. Bəlkə bunun nəticəsində dünyada sülh və əmin-amanlıq bərpa olunar.
- Səyavuş müəllim, artıq neçə müddətdir ki, özünü "Müsəlman Birliyi Hərəkatı" adlandıran təşkilat və onun rəhbəri Tale Bağırzadənin fəaliyyəti ölkə ictimaiyyətini narahat edir. Buna münasibətinizi öyrənmək istərdik.
- Daha əvvəl də qeyd etdiyimiz kimi, ölkəmizdə dini siyasiləşdirməyə cəhd edən qüvvələr var. Adını çəkdiyiniz qeyri-legitim qurum və onun rəhbəri də müəyyən qüvvələrin diktəsi altında fəaliyyət göstərirlər. Bu təşkilat özünü siyasiləşmiş İslamın mərkəzi kimi nümayiş etdirərək bu istiqamətdə fəaliyyət göstərməyə cəhd edir. Lakin bu fəaliyyət kifayət qədər gülünc xarakterə malikdir. Belə ki, insanların dini duyğularının istismarı ilə məşğul olan bu təşkilat açıqladıqları prinsiplərlə daban-dabana ziddiyyət təşkil edən siyasi partiyalarla əməkdaşlıq etməkdən belə çəkinmirlər. Yəqin ki, onlar havadarları tərəfindən qarşılarına qoyulan tapşırıqları yerinə yetirməkdən ötrü bütün vasitələrə əl atmağı mümkün hesab edirlər. Mən həmin təşkilatın rəhbərliyinə bildirmək istərdim ki, müdrik Azərbaycan xalqı xarici qüvvələrin əlində oyuncağa çevrilmiş, əl öpməkdə böyük "məharətə" sahib insanlara heç vaxt etibar etməyəcəkdir.
- Yeri gəlmişkən, dini sahədə bəzi boşluqları dini təhsillə əlaqələndirənlər də var. Ölkəmizdə dini təhsilin vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, ölkəmizdə ali dini təhsil verən müvafiq təhsil müəssisələri mövcuddur. Bununla yanaşı, xaricə də dini təhsil almaq üçün gedən gənclər var. Təəssüf ki, xaricdə dini təhsil alan bəzi şəxslər təhsil aldıqları yerlərin ideologiyasına bürünərək geri qayıdırlar. Onlar həmin ölkələrin milli-mənəvi dəyərlərini Azərbaycana idxal etməyə cəhd göstərir, burada həmin əqidənin təbliğatçısına çevrilirlər. Tale Bağırzadə kimi şəxslər də həmin bu tendensiyanın "məhsuludur". Təbii ki, bu o demək deyil ki, dini təhsil sahəsində problemlər yoxdur. Dünyada yaranmış mövcud vəziyyətə uyğun olaraq dini təhsil sahəsində də təkmilləşməyə ehtiyac vardır. O cümlədən, dini təhsilin ödənişsiz əsaslarla həyata keçirilməsi də ümumi işin xeyrinə ola bilər. Bununla əlaqədar müvafiq tədbirlərin görülməsi planlaşdırılır.