...

Rusiya Milli Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Siyasət Materials 20 Yanvar 2016 10:37 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun təşkilatçılığı və Rusiyanın Azərbaycan Gəncləri Birliyinin (AMOR) dəstəyi ilə Rusiya Milli Kitabxanasında 20 Yanvar faciəsinin 26-cı il dönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, mərasimdə Azərbaycanın diaspor fəalları, ziyalılar, azərbaycanlı tələbə və gənclər, Rusiya ictimaiyyətinin nümayəndələri və "Sekretnıye materialı" qəzetinin redaktoru Aleksandr Karpov iştirak ediblər.

Mərasimdə Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı. İştirakçıları salamlayan baş konsul Elşad Qulamov 20 Yanvar faciəsinin siyasi səbəblərindən danışdı. O, Mixail Qorbaçovun Dağlıq Qarabağı Azərbaycandan ayırmaq xülyası ilə yaşayan erməni işğalçılarına dəstək göstərdiyini, Azərbaycanın ərazi bütövlüyünə qarşı qərəzli siyasət həyata keçirdiyini qeyd etdi. Diplomat Dağlıq Qarabağ ətrafında 1988-ci ildə cərəyan edən hadisələrə - azərbaycanlıların kütləvi şəkildə Ermənistandan zorla köçürülməsinə və sovet hökümətinin biganəliyinə qarşı xalqımızın etiraz səsini ucaltdığını diqqətə çatdırdı. E.Qulamov xüsusilə qeyd etdi ki, faciənin ertəsi günü ölkəmizin Moskvadakı nümayəndəliyində ulu öndər Heydər Əliyevin səyi nəticəsində 20 Yanvar faciəsinə düzgün hüquqi qiymət verilib və dinc əhaliyə qarşı törədilmiş qətliam beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Baş konsulun çıxışından sonra mərasim iştirakçılarına 20 Yanvar faciəsi mövzusunda "Qanlı Yanvara aparan yol" adlı rus dilində sənədli film nümayiş etdirildi. Filmdən sonra söz həmin günlərin canlı şahidləri olmuş tədbir iştirakçılarına verildi. "Smolnıy Universiteti" elmi-təhsil konsorsiumunun prezidenti Heydər İmanov, Rusiya Yazıçılar İttifaqının üzvü, profesor Yuri Pompeyev, Sankt-Peterburq Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Niyazi Niyazov, "Azərbaycan Təhsil Mərkəzi"nin rəhbəri Həsən Mənsimov, "Vətən" ictimai təşkilatının rəhbəri Məzahir Həsənov və Rusiyanın fəxri hüquqşünası Yuri Soltanov öz çıxışlarında qeyd etdilər ki, kommunist höküməti 20 yanvar 1990-cı ildə Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş terror kampaniyasını həyata keçirib. Qara Yanvar faciəsinin xalqımızın şüurunda və qəlbində daim sızlayan yara olduğunu, eyni zamanda milli ruhun dircəliş rəmzinə çevrildiyini bildirdilər. Tədbir iştirakçıları 20 Yanvar qətliamının Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyini qeyd etdilər.

Mərasimin davamında Rusiyanın Azərbaycan Gəncləri Birliyinin (AMOR) Sankt-Peterburq üzrə bölməsinin fəal üzvü, Tələbələr Şurasının sədri, Kirov adına Hərbi-Tibbi Akademiyanın tələbəsi Mehdi Əlizadə iştirakçılar qarşısında Azərbaycan gəncləri adından çıxış etdi. O, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirələrinin hər bir gəncimiz uçun əziz olduğunu qeyd etdi. Gənclər sırasından, həmçinin Smolniy İnstitutunun tələbəsi Ramin İbrahimov şəhidlərin xatirəsinə vətənpərvərlik mövzusunda şeir oxudu.

Mərasimin yekununda şəhidlərin ruhuna dualar oxundu. İştirakçılara 20 Yanvar faciəsinə həsr olunmuş fotomateriallar nümayiş edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti