...

İlham Əliyev: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir

Siyasət Materials 17 Fevral 2016 23:28 (UTC +04:00)
"Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var".
İlham Əliyev: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir

Bakı. Trend:

"Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə "İmamzadə" dini kompleksində ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir:

"Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik. Əfsuslar olsun ki, müsəlman aləmində son vaxtlar vəziyyət o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni ziddiyyətlər, yeni qarşıdurmalar əlavə olunur. Bu, bizi çox narahat edir".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik daha da möhkəm olsun:

"Bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlər keçirilmişdir. İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun xətti ilə onlarla tədbir keçirilmişdir. Deyə bilərəm ki, bu gün müsəlman aləmində, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır. Biz bundan sonra da çalışacağıq ki, öz siyasətimizlə, o cümlədən diplomatik səylərlə müsəlman ölkələri arasındakı ixtilafları aradan götürək, gərginliyi azaldaq və bu, bizim borcumuzdur. Biz bunu belə qəbul edirik. Azərbaycanda bütün müsəlmanlar bir ailə kimi yaşayırlar. Tarixdə Azərbaycanda heç vaxt məzhəbçilik zəminində heç bir məsələ olmamışdır. Kiçik anlaşılmazlıq belə olmamışdır, olmamalıdır və olmayacaqdır. Bunun bariz nümunəsi bu yaxınlarda Heydər Məscidində bütün müsəlmanların vəhdət namazı qılmasıdır.

Biz bu istiqamətdə səylərimizi göstərəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan müsəlman aləmində çox böyük nüfuza malik olan ölkədir. Biz bunu təkcə iqtisadi və sosial inkişafımıza görə əldə etməmişik. O cümlədən dinlərarası münasibətlərdə oynadığımız rol bütün müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Mənim müsəlman ölkələrinə səfərlərim, müsəlman ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri dediyimi bir daha təsdiq edir".

Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar:

"Bu, bizim böyük sərvətimizdir. Qeyd etdiyim kimi, Azərbaycanda pravoslav, katolik, alban kilsələri, sinaqoqlar tikilir, təmir edilir. Azərbaycanda dinlərarası münasibətlər çox sağlam zəmində həllini tapır. Biz dünyada bu istiqamətdə də öz rolumuzu oynayırıq. Azərbaycanda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Ənənəvi humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları keçirilir. Bu il isə Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir ki, bu, dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün ən mötəbər forumdur. Bu il bu şərəfli missiyanı Azərbaycan öz üzərinə götürür.

Bütün bu işlərin bir məqsədi var ki, ilk növbədə, ölkəmizin uğurlu inkişafı təmin edilsin, Azərbaycanda yaşayan bütün insanlar özlərini rahat hiss etsinlər, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilsin, dünya miqyasında Azərbaycanın rolu və bizə olan hörmət, inam, rəğbət daha da artsın".


Məqalədə:
Xəbər lenti

Xəbər lenti