...

Kris Smitin “erməni sevgisi”: ABŞ-da ədalət şübhə altında

Siyasət Materials 16 İyun 2016 23:01 (UTC +04:00)
ABŞ-dakı erməni kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən, bu ayın əvvəllərində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində fəaliyyət göstərən separatçı rejimin “millət vəkili” kimi özünü təqdim edən Lernik Hovhanisyan ABŞ Konqresində bir sıra ermənipərəst konqresmenlər ilə görüş keçirib
Kris Smitin “erməni sevgisi”: ABŞ-da ədalət şübhə altında

Bakı. Trend:

ABŞ-dakı erməni kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən, bu ayın əvvəllərində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində fəaliyyət göstərən separatçı rejimin "millət vəkili" kimi özünü təqdim edən Lernik Hovhanisyan ABŞ Konqresində bir sıra ermənipərəst konqresmenlər ilə görüş keçirib. Maraqlıdır ki, separatçı rejimin nümayəndəsi ilə görüşənlərdən biri də ABŞ-ın Helsinki komissiyasının sədri konqresmen Kris Smit olub.

Cənab Smitə xatırlatmaq istərdik ki, onun sədri olduğu, 1976-cı ilin 3 iyununda qüvvəyə minmiş 94-304 saylı qanuna əsasən yaradılmış ABŞ-ın Helsinki Komissiyası 1975-ci il Helsinki Yekun Aktı və onun mühüm elementləri, o cümlədən ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suveren bərabərlik, habelə insan hüquqları ilə bağlı prinsip və öhdəliklərə riayət edilməsi və ya onların pozulması hallarının monitorinqi məqsədi ilə təsis edilib.

Cənab Smitin yaddaşını təzələmək istəyirik: qondarma "dağlıq qarabağ respublikası" Ermənistan tərəfindən məhz Helsinki Yekun Aktında əks olunmuş öhdəlik və prinsiplərin ən kobud şəkildə pozulması nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yaradılmış qeyri-qanuni rejimdir. ABŞ Helsinki Komissiyasının sədri olan bir şəxsin rəsmi şəkildə separatçı Hovhanisyanı ABŞ Konqresində qəbul etməsi və ermənilərin öz sözlərinə görə onunla "detallı müzakirələr" aparması sağlam məntiqə sığmır.

Ukrayna hadisələri zamanı xüsusi can-fəşanlıq edən və hər imkanda ABŞ Konqresinin ərazi bütövlüyünün prinsipinin qorunmasının vacibliyini bar-bar bağıran Kris Smit nədənsə Helsinki Yekun aktının prinsipləri ilə daban-dabana zidd olan Ermənistanın ölkəmizə qarşı davam edən hərbi aqressiyası, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulması, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın hüquqlarının pozulmasına göz yummağa üstünlük verir. Nəinki göz yummaq, konqresmen Smit Azərbaycan işğal edilmiş torpaqlarındakı qanunsuz hərbi birləşmədə xidmət keçmiş və hal-hazırda "deputat" olan qondarma strukturun təmsilçisi Hovhanisyanı heç bir şey olmamış kimi ali məqamda qəbul etmək ilə ona "legitimlik" donu geyindirmək və bunu təşviq etməkdən belə çəkinmir.

Cənab Smitin uzun illərdir qəlbində bəslədiyi "erməni sevgisi" heç kimə sirr deyil. Bununla bağlı faktlar çoxdur. Lakin onun bu kimi addımları ABŞ vergi ödəyicilərinin pulu hesabına var olan Helsinki Komissiyasının qərəzsizliyi və peşəkarlığını da şübhə altına salır.

Xəbər lenti

Xəbər lenti