...

Deputat: Tarif Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir etməyəcək

Siyasət Materials 29 Noyabr 2016 15:00 (UTC +04:00)
Tarif (qiymət) Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək.
Deputat: Tarif Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir etməyəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Tarif (qiymət) Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək. Bunu Trend-ə millət vəkili Aydın Hüseynov bildirib.

A.Hüseynov deyib ki, orta statistika ölkə əhalisinin əksəriyyətinin ildə 1500 kubmetr qaz, ayda 250 kilovat-saat elektrik enerjisi istifadə etdiyini göstərir: "Yəni tarif dəyişiklikləri ilə bağlı son qərarlar əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək. Qaz və elektrik enerjisindən bu limitə qədər istifadə edən abonentlərin sayı ölkədə daha çoxdur".

Deputat qeyd edib ki, ölkədə qeyri-neft sektoru, xüsusilə sənayenin inkişafına nail olmaq üçün enerji daşıyıcılarının tariflərində dəyişiklik lazımdır: "Bu, əslində müəyyən müddət çətinlik yaratsa da, arxasınca bizim digər iqtisadi nailiyyətlərimiz gələcək. Çünki enerji daşıyıcıların özü məhsulun maya dəyərinə təsir edən amillərdəndir. Bu isə sonradan müsbət nəticəsini verəcək".

A.Hüseynov əlavə edib ki, Azərbaycan iqtisadiyyatın neft sektorundan asılılığını tamamilə aradan qaldırmaq strategiyasını götürüb: "Ona görə də bu kimi tədbirlərin, o cümlədən tarif dəyişikliklərinin həyata keçirilməsi zəruridir".

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti