...

Aureliya Qriqoriu: Bakının vasitəçiliyi Rusiya-Türkiyə münasibətlərinin nizamlanmasına kömək edib

Siyasət Materials 27 Dekabr 2016 13:37 (UTC +04:00)
Azərbaycan diplomatiyasının ən parlaq nailiyyəti son dərəcə gərginləşmiş Rusiya-Türkiyə münasibətlərinin nizamlanması üzrə vasitəçiliyi olub
Aureliya Qriqoriu: Bakının vasitəçiliyi Rusiya-Türkiyə münasibətlərinin nizamlanmasına kömək edib

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan diplomatiyasının ən parlaq nailiyyəti son dərəcə gərginləşmiş Rusiya-Türkiyə münasibətlərinin nizamlanması üzrə vasitəçiliyi olub. Bu sözləri Trend-ə Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu məsələdə şəxsən iştirakı dövlət başçısının diplomatiya sahəsindəki böyük təcrübəsini nümayiş etdirib.

A.Qriqoriu deyib:

“Məhz Prezident İlham Əliyevin fərdi sülhməramlı və diplomat keyfiyyətləri sayəsində Azərbaycana dost olan iki ölkə - Türkiyə və Rusiya münasibətləri bərpa etdi”.

Onun sözlərinə görə, diplomatiya sahəsindəki parlaq hadisələrdən biri İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri olub:

“Azərbaycan və İsrail arasında münasibətlər sürətlə inkişaf edir və bu, etibarlı strateji tərəfdaşlığın yaranmasına kömək edir”.

A.Qriqoriunun sözlərinə görə, başa çatmaqda olan ilin yaddaqalan hadisələrindən biri də Roma Papası Fransiskin Bakıya səfəri olub. Bu, Vatikanın Azərbaycana xüsusi etimadını nümayiş etdirir.

A.Qriqoriu eyni zamanda, Bakıda Formula-1 yarışının keçirilməsini qeyd edib. Onun sözlərinə görə bu, bütün dünyanın Azərbaycana olan hörmətini və dünya miqyaslı tədbirin keçirilməsinə etimadını nümayiş etdirdi.

A.Qriqoriu deyib:

“Azərbaycanın 2016-cı ildə beynəlxalq səviyyədə digər uğurlarından da danışmaq olar. Bu il Bakıda keçirilmiş 5-ci Qlobal forumun yekunlarına əsasən, özünə əmin və açıq Azərbaycanın tolerantlığı və multikulturalizmi dünyan ən uğurlu multikulturalizm modeli hesab olunub”.

Onun sözlərinə görə, dünya ictimaiyyəti tərəfindən Azərbaycanın Kanada, Avstraliya, Yeni Zelandiya, Argentina və İsveç kimi ölkələrlə yanaşı, ən tolerant ölkələrdən hesab olunması Azərbaycanın ən əsas nailiyyətlərindən hesab olunur.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan A.Qriqoriu deyib ki, bu il Azərbaycanın əldə etdiyi əsas nailiyyət regionda sülhün qorunması və sülh yolu həlli ilə bağlı konkret təşəbbüslər olub.

A.Qriqoriu deyib ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində müxtariyyətin verilməsi təklifi Prezident İlham Əliyevin davamlı siyasətinin nəticəsidir və növbəti dəfə Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu nümayiş etdirir.

Onun sözlərinə görə, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, münaqişə müsbət həll olunacağı təqdirdə Dağlıq Qarabağın erməni əhalisinə təhlükəsiz yaşayış təmin olunacaq və onlara ölkənin iqtisadi həyatında real iştirak etmək və həyat səviyyələrini yaxşılaşdırmaq imkanı veriləcək.

A.Qriqoriu deyib:

“Ermənistanda getdikcə daha çox sağlam fikirli insan erməni-Azərbaycan sülh platformasının yaradılması təşəbbüsünə açıq-aşkar dəstəyini ifadə edir. Bu platformanın məqsədi vətəndaş cəmiyyətinin və dini liderlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə qoşulmasını cəlb etməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti