...

Ermənistan üçün dərs olan aprel döyüşləri və ya geriyə yolu olmayan məğlubiyyət

Siyasət Materials 2 Aprel 2017 15:35 (UTC +04:00)
Ötən ilin aprel döyüşlərindən artıq bir il ötsə də, hələ də Ermənistan bu döyüşlərin təsirindən çıxa bilməyib, bu gün də Ermənistanda bu döyüşlərin nəticəsində yaranmış siyasi və hərbi gərginlik davam etməkdədir.
Ermənistan üçün dərs olan aprel döyüşləri və ya geriyə yolu olmayan məğlubiyyət

Elçin Mehdiyev - Trend:

Ötən ilin aprel döyüşlərindən artıq bir il ötsə də, hələ də Ermənistan bu döyüşlərin təsirindən çıxa bilməyib, bu gün də Ermənistanda bu döyüşlərin nəticəsindən yaranmış siyasi və hərbi gərginlik davam edir. Artıq Ermənistanda insanlar Dağlıq Qarabağ münaqişəsinin davam etməsinin onlar üçün heç də yaxşı nəticələr verməyəcəyini yaxşı anlayır və bunu dilə gətirməkdən çəkinmirlər.

Ötən bir il ərzində erməni tərəfi aprel döyüşlərinin “qisas”ını almaq məqsədilə dəfələrlə təxribatlara əl atdılar, lakin hər dəfəsində eyni aqibəti yaşadılar – itki, məğlubiyyət və geri çəkilmək.

Aprel döyüşləri illərdən bəri süni şəkildə formalaşdırılmış fikirləri və saxta təbliğatı tamamilə alt-üst etdi və reallıqları çox aydın şəkildə üzə çıxardı.

Aprel döyüşlərinə qədər bəzi dairələr belə bir fikir formalaşdırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişəyə çevrilib, artıq Azərbaycan cəmiyyəti münaqişənin həllində o qədər də həvəsli deyil, xüsusilə gənc nəsil sanki Dağlıq Qarabağı unudub. Onlar düşünürdülər ki, bu vəziyyətdən istifadə edərək münaqişəni uzatmaq və münaqişənin mövcudluğundan istifadə edərək öz maraqlarını həyata keçirməklə arzularını reallaşdıra biləcəklər.

Ancaq aprel döyüşləri bu ehtimalları tamamilə alt-üst etdi. Aprel döyüşləri zamanı Azərbaycan cəmiyyətində xüsusi bir qələbə əzmi, döyüş ruhu yarandı, siyasi mövqeyindən asılı olmayaraq hər kəs dövlətin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi, nəinki Azərbaycanın daxilindən, hətta xaricdən gənclərimiz könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciətlər etdi. Bir sözlə, Azərbaycan münaqişə ilə bağlı yekdil və sərt mövqe ortaya qoydu. Şəhidlərin dəfni zamanı yaranan izdihamlar, şəhidlərin ruhuna olan böyük hörmət və ehtiram cəmiyyətin vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun bir daha bariz nümunəsini ortaya qoydu. Aprel döyüşləri göstərdi ki, Azərbaycan gəncləri nəinki münaqişəni unudub, əksinə, Qarabağ uğrunda ölümə belə getməyə hazırdırlar.

Digər bir reallıq isə Milli Ordumuzun gücünün, vətənpərvərlik, döyüş ruhunun nə qədər yüksək olmasıdır. Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusu Azərbaycan ordusu qarşısında tab gətirmək iqtidarında deyil. Ermənistan ordusu həm insan resursları, həm də maddi-texniki baza baxımından Azərbaycan ordusundan xeyli geridədir. Bunu hətta Ermənsitan prezidenti Serj Sarkisyan da aydın şəkildə etiraf etdi. Bəlli oldu ki, belə güc nisbətində müharibə Ermənistanın qısa bir müddətdə rüsvayçı məğlubiyyəti ilə başa çatar. Xüsusilə, Azərbaycan ordusunun yüksək rütbəli zabitlərinin döyüşlərdə əsgərlərinin önündə getmələri, hətta əsgərlərini qorumaq üçün özlərini qumbaranın üzərinə ataraq canlarından keçmələri kimi qəhrəmanlıqları ordumuzda vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun bariz nümunələridir.

Bəli, münaqişənin həllini uzatmaq istəyən dairələr bütün bu reallıqları gördülər və əmin oldular ki, mövcud reallıq onların düşündüyünün əksinədir. Azərbaycan həm mənəvi, həm də maddi-texniki baxımdan işğal altında olan torpaqlarını azad etməyə tam hazırdır və münaqişə bir az da uzanarsa, ermənilər üçün çox acı nəticələr verə bilər. Bir sözlə, aprel döyüşləri hər kəs üçün bir dərs oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti