Bakı. Elçin Mehdiyev - Trend:
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında Türkiyəyə qarşı yanlış qərar qəbul edilib. Türkiyə post-monitorinq mərhələsindən monitorinq altına alındı.
Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O.Əsədov bildirib ki, Türkiyə AŞ PA-nın yaranmasında iştirak edən dövlətlərdən biridir:
“Türkiyə 13 il bundan əvvəl monitorinq altında olub. Ancaq AŞ PA-nın tarixində ilk dəfə olaraq bir ölkəni post-monitorinqdən monitorinq altına keçirdilər. Bizim nümayəndə heyəti buna qarşı çıxış etdi”.
Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.