Bakı. Trend:
Bizim qəbul etdiyimiz bütün qərarlar həyatda tezliklə, qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
Prezident İlham Əliyev bildirib: "Bu gün Neftçala şəhərinin tarixində çox əlamətdar bir gündür.
Neftçalada Sənaye Məhəlləsi açılır, öz işinə başlayır. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.
Mən çox şadam ki, qısa müddət ərzində gözəl şəhərcik yaradılıbdır. Neftçala rayonunun inkişafında bu sənaye məhəlləsinin çox böyük rolu olacaq. Burada artıq bir neçə müəssisə fəaliyyətə başlayıb, bir neçə müəssisənin fəaliyyəti yaxın aylarda təmin ediləcəkdir. Bir sözlə, bizim vaxtilə verdiyimiz qərar artıq həyatda öz əksini tapır. İki il əvvəl Neftçalada Sənaye Məhəlləsinin yaradılması ilə bağlı mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır. İki il ərzində yaradılan bu gözəl sənaye şəhərciyi artıq istifadəyə verilir. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz bütün qərarlar həyatda tezliklə, qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır. Bu sənaye məhəlləsinin fəaliyyəti həm rayonun iqtisadiyyatına, həm ölkə iqtisadiyyatına çox böyük təkan verəcək. Bu sənaye məhəlləsinin yaradılması əslində bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin başlanmasıdır. Çünki bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır, bizim iri sənaye mərkəzlərimizdə - xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində böyük sənaye müəssisələri yaradılır. İndi Mingəçevir şəhərində böyük sənaye zonası yaradılır və kiçik şəhərlərdə də belə layihələrin icrası çox əlamətdar hadisədir. Böyük şəhərlərdən sonra ilk sənaye zonası Neftçala rayonunda yaradılıb, yaxın vaxtlarda əlavə iki sənaye zonası Masallı və Hacıqabul rayonlarında fəaliyyətə başlayacaq".
Azərbaycan Prezidenti qeyd edib ki, sənayeləşmə siyasəti uğurla aparılır: "Biz bu zonaların yaradılması ilə iş adamlarına dövlət tərəfindən növbəti dəstək göstəririk. Bu zonanın yaradılması bizim təşəbbüsümüz olmuşdur. Azərbaycan dövləti bu təşəbbüslə çıxış edib və dövlət tərəfindən bu zonanın yaradılmasına 20 milyon manatdan çox vəsait ayrılıbdır. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib. Özəl sektor da kreditlər hesabına və öz vəsaiti hesabına 45 milyon manat sərmayə qoyubdur. Yəni, bu, onu göstərir ki, burada dövlət-özəl sektor tərəfdaşlığı özünü göstərir. Çünki əgər biz bu təşəbbüslə çıxış etməsəydik, onu irəli sürməsəydik, bax, bu zona da heç vaxt yaranmazdı. İndi bu zona var və o, böyüyəcək. Bildiyimə görə, rayon sahibkarları tərəfindən maraq çox böyükdür. Burada istehsal olunan və olunacaq mallar idxalı əvəzləmək üçün bizə kömək göstərəcək. Çünki indi bizim əsas məqsədimiz yerli istehsalı daha da gücləndirmək, idxaldan asılılığı azaltmaqdır.
Bu zonanın ən böyük müəssisəsi avtomobil zavodudur. Bu zavodun fəaliyyəti nəticəsində biz avtomobil idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik və eyni zamanda, ixrac üçün də imkanlar yaranacaqdır. Bu zavodun yaradılması İran-Azərbaycan tərəfdaşlığının təzahürüdür və çox şadam ki, Azərbaycanda, Neftçalada belə gözəl müəssisə yaradılıb. Mənə verilən məlumata görə, bütövlükdə Neftçala Sənaye Məhəlləsində 500-ə yaxın insan işlə təmin olunacaq. Bu, işsizliyin aradan qaldırılması istiqamətində növbəti addım sayıla bilər. Bilirsiniz ki, bu göstəriciyə görə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır, Azərbaycanda işsizlik çox aşağı səviyyədədir. Ancaq biz daim yeni iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Çünki Azərbaycanda əhali artır. Hər il əhalinin sayı ən azı 100 min nəfər artır. Əlbəttə, iş yerlərinin yaradılması daimi proses olmalıdır. Elə iş yerləri yaradılmalıdır ki, onlar həm sənayenin, həm kənd təsərrüfatının inkişafına xidmət göstərsin və bu iş yerlərinin yaradılması nəticəsində istehsal olunan məhsullar idxalı da əvəzləsin. Biz Neftçala Sənaye Məhəlləsində bunu görürük. Burada demək olar ki, təqdim edilən bütün müəssisələr idxalı azaldacaq, əvəzləyəcək, yerli məhsul daxili və xarici bazarlara çıxarılacaq".
Dövlət başçısı əlavə edib: "Bu Sənaye Məhəlləsinin çox böyük mənası var. Bu, onu göstərir ki, biz düzgün yoldayıq və qəbul edilmiş qərarlar vaxtında, yüksək səviyyədə icra olunur. Biz bu məhəlləni cəmi iki il ərzində yarada bilmişik. Bu, deməyə əsas verir ki, hər bir rayonda belə sənaye məhəllələri yaradıla bilər. Əslində bu məsələ ilə bağlı müvafiq göstəriş artıq verilmişdir və əminəm ki, tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq.
Gələn ilin İnvestisiya Proqramında dövlət investisiya xərcləri sırasında mütləq yeni bölgələrdə sənaye zonalarının yaradılması nəzərdə tutulmalıdır. Müvafiq göstəriş verilib və bölgələrdə yaşayan, fəaliyyət göstərən sahibkarlar, iş adamları da əlbəttə ki, bu zonaların yaradılmasında fəal iştirak etməlidirlər. Çünki burada, yəni, istehsal sahəsinə yatırılan sərmayə özəl sektor tərəfindən qoyulur. Əlbəttə, qeyd etdiyim kimi, dövlət də daim öz dəstəyini göstərəcək. Dövlət bu ərazini seçib, burada infrastruktur layihələrini icra edib, modul konstruksiyaları inşa edib, sahibkarları səfərbər edib, güzəştli şərtlərlə kreditlər verib ki, onlar yaxşı iş görsünlər.
Beləliklə, mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Yenə də qeyd etmək istəyirəm ki, bu zonanın Neftçala rayonunun inkişafına böyük dəstəyi olacaqdır. Rayonun inkişafı bundan sonra da uğurla getməlidir. Neftçala rayonunda bir çox önəmli layihələr icra edilibdir – sosial layihələr, iqtisadi layihələr, infrastruktur layihələri. Bu gün əsaslı təmirdən sonra Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak edəcəyəm. Bu böyük xəstəxana indi ən yüksək standartlara cavab verir. Neftçala rayonunda yol layihələri uğurla icra edilir, 11 kəndi birləşdirən bir yol layihəsi istismara verilibdir və digər layihə tezliklə icra ediləcək. O layihənin icrası nəticəsində 20-dən çox kənd artıq bir-biri ilə gözəl yolla bağlanacaq və beləliklə, Neftçala rayonunun əksər kəndlərinin yol problemi öz həllini tapacaq".
Prezident İlham Əliyev qeyd edib ki, suvarma ilə bağlı böyük işlər görülür: "Biz yeni əkin sahələrini dövriyyəyə buraxırıq. Meliorasiya işləri sürətlə gedir. Bu gün biz Neftçala magistral su kanalının və nasos stansiyasının birinci mərhələsinin istismara verilməsini qeyd edəcəyik. Beləliklə, kənd təsərrüfatının inkişafına da böyük təkan veriləcək. Bir sözlə, biz rayonun inkişafına kompleks şəkildə yanaşırıq, kənd təsərrüfatı əlbəttə ki, əsas sahədir və indi Neftçala ölkəmizin sənaye mərkəzlərinin birinə çevrilir. Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram".