...

Azərbaycan Prezidenti: Bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasına inanmırdılar

Siyasət Materials 30 Oktyabr 2017 16:28 (UTC +04:00)
Bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasına inanmırdılar.
Azərbaycan Prezidenti: Bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasına inanmırdılar

Bakı. Trend:

Bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasına inanmırdılar.

Trend-in məlumatına görə, bunu Bakıda dəmir yolunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur: "Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir".

Prezident vurğulayıb ki, bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artacaq, bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək, bu yol sabitliyə, təhlükəsizliyə xidmət göstərəcək: "Əminəm ki, bu yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti olacaq".

Dövlətimizin başçısı qeyd edib ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar: "Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil və bunun üçün lazım olan texniki imkanlar və maliyyə vəsaitinin olmaması imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Lakin üç ölkə göstərdi və sübut etdi ki, bu mümkündür. Bizim güclü iradəmiz olan yerdə, qarşılıqlı dəstək olan yerdə, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr – Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da bir-birini dəstəkləyəcək".

İlham Əliyev deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir: "Bu dəmir yolu layihəsinə Orta Asiya, Qazaxıstan böyük maraq göstərir. Orta Asiyadan və Qazaxıstandan gəlmiş nümayəndə heyətləri, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq. Bizim ölkələrin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmlənəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti