...

Azərbaycan və İran XİN rəhbərlərinin ikitərəfli görüşü keçirilib (YENİLƏNİB)

Siyasət Materials 1 Dekabr 2017 15:31 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında ikitərəfli görüş keçirilib
Azərbaycan və İran XİN rəhbərlərinin ikitərəfli görüşü keçirilib (YENİLƏNİB)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarovla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında ikitərəfli görüş keçirilib.

Trend-in məlumatına görə, görüş “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransı çərçivəsində baş tutub.

Görüşdə nazirlər İran və Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı istiqamətində atılan davamlı səyləri təqdir ediblər.

Nazirlər ikitərəfli münasibətlərin ruhuna uyğun olaraq, müxtəlif formatlarda da əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu xüsusda, 19-20 dekabr tarixlərində Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşünün regional əməkdaşlıq baxımdan vacib rolunu nəzərə çatdırıblar və üçtərəfli əməkdaşlığın yeni formatlarının yaradılmasına dair fikir mübadiləsi aparıblar.

Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı ilə əlaqədar məsələlərə toxunublar və bu layihənin Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən və regionlar boyunca əməkdaşlığı və çiçəklənməni təşviq edəcəyinə əminlik ifadə ediblər.

Nazirlər Xəzər dənizinin hüquqi statusuna dair məsələləri müzakirə ediblər və Azərbaycan və İranın digər Xəzəryanı dövlətlərlə birlikdə Xəzər dənizini dostluq və əməkdaşlıq məkanı kimi inkişaf etdirmək əzmini ifadə ediblər.

Görüş əsnasında Asiyanın Qəlbi-İstanbul prosesinin Əfqanıstan, ümumilikdə isə bütün region və onun hüdudlarından kənarda sabitlik, təhlükəsizlik və tərəqqinin təşviqi istiqamətində iştirakçı və dəstəkləyən tərəflərin səylərini birləşdirdiyi unikal platforma olduğu vurğulanıb və bu xüsusda VII Bakı nazirlər toplantısının əhəmiyyəti qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti