...

Məzahir Pənahov: Seçicilərə heç kim hər hansı bir formada təzyiq edə bilməz

Siyasət Materials 11 Aprel 2018 08:36 (UTC +04:00)
Seçicilərə heç kim hər hansı bir formada təzyiq edə bilməz.
Məzahir Pənahov: Seçicilərə heç kim hər hansı bir formada təzyiq edə bilməz

Bakı. Elçin Mehdiyev – Trend:

"Bu gün biz gözləməliyik ki, Azərbaycan seçicisi öz hüququndan istifadə etməklə səsvermədə iştirak etsin. Bütün seçki məntəqələrində seçicilərin azad şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb".

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, seçki böyük bir prosesdir: “Müxtəlif fikirli insanlar var və biz çalışmalıyıq ki, hər bir tərəf üçün şərait yaradaq və heç bir tərəf narazı qalmasın. Bütün seçicilər azad və sərbəst şəkildə səs vermək hüququndan istifadə etməlidir”.

MSK sədri bildirib ki, seçicilərə heç kim hər hansı bir formada təzyiq edə bilməz: “Sonuncu seçici məntəqəni tərk etdikdən sonra saat 19:00-da seçki məntəqələri bağlanır. Artıq bundan sonra heç kim məntəqəyə daxil ola bilməz və heç bir müşahidəçi və ya KİV nümayəndəsindən məntəqəni tərk etməyi tələb etmək olmaz”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti