...

Daxili Qoşunların Baş İdarəsində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd edilib (FOTO)

Siyasət Materials 7 May 2018 12:50 (UTC +04:00)
Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib.
Daxili Qoşunların Baş İdarəsində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib.

Trend-in məlumatına görə, tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Leyla Hüseynova fəxri qonaq qismində dəvət olunub.

Tədbirə başlamazdan öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qoşunların Nümunəvi Göstərici Hərbi Orkestrinin müşayiətilə Dövlət Himni ifa edilib.

Dahi rəhbərin həyat və yaradıcılığını əks etdirən videofilmin nümayişindən sonra “Heydər Əliyevin Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun formalaşmasında rolu” mövzusunda çıxış üçün söz tarixçi L.Hüseynovaya verilib. Məruzəçi dahi şəxsiyyətin doğma xalqına həsr olunmuş ömür yolu, ictimai-siyasi və zəngin dövlət quruculuğu fəaliyyəti, müstəsna şəxsi keyfiyyətlərindən söz açaraq, bu keyfiyyətlərin onun rəhbərlik etdiyi dövrün bütün mərhələlərində özünü bariz şəkildə büruzə verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında Ümummilli Liderin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və tükənməz enerjisi istər ötən əsrin 70-80-ci illəri, istərsə də 1993-cü ildən sonrakı dövrü xarakterizə edən başlıca amillərdir:

“Zamanın yetişdirdiyi Heydər Əliyev kimi nadir dühaların qismətinə nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətinin formalaşmasında böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Azərbaycanın və böyük türk dünyasının bu qüdrətli şəxsiyyəti və lideri millətimizi zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq, ölkəmizin ictimai-siyasi, iqtisadi və mənəvi tərəqqisinə, xalqımızın birliyinə nail olub”.

L.Hüseynova hər zaman doğma xalqının təəssübkeşliyini çəkən uzaqgörən siyasi xadim Heydər Əliyevin hələ 70-80-ci illərdə respublikaya rəhbərlik etdiyi dönəmdə orduda, silahlı qüvvələrin tərkibində milli kadrların sayının artırılması, azərbaycanlı gənclərin hərbi təhsilə cəlb olunması üçün böyük işlər gördüyünü xüsusilə qeyd edib. Bildirib ki, məhz o dövrdə ulu öndər tərəfindən özülü qoyulmuş bir çox sahələrin inkişaf etdirilməsi sayəsində yenidən müstəqillik əldə edən Azərbaycan bu gün regionun şəriksiz liderinə çevrilib.

Daha sonra tədbirin aparıcısı dünya tarixinin qüdrətli şəxsiyyətlərindən olan Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikrini səsləndirərək qeyd edib ki, həqiqətən də, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasəti nəticəsində ölkəmiz dünyaya bir günəş kimi parladı: "Ümummilli Liderimiz 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqa müraciəti zamanı “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri sözün əsl mənasında reallıqda Azərbaycanın hərtərfli inkişafı fonunda öz təsdiqini tapmaqdadır".

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestrinin solistlərinin ifasında Ümummilli Liderin ən çox sevdiyi musiqi nümunələri ifa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti