Bakı. Trend:
Biz gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq edə bilərik. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin rəhbərliyi altında nümayəndə heyət ilə geniş tərkibdə görüş zamanı deyib.
Dövlət başçısı bildirib: "Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük dəstək olacaq.
Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparılır. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcəkdir. Humanitar sahədə çox gözəl əməkdaşlıq var.
Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün Sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var. Biz gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaqdır.
Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. Hesab edirəm ki, bu münasibətlərin çox böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir və əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək.
Sizə uğurlu səfər arzulayıram. Əminəm ki, səfər zaman əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir. Bir daha xoş gəlmisiniz".