...

Millət vəkili: Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin

Siyasət Materials 9 Noyabr 2018 09:41 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

“Dünya ictimaiyyəti xalqımızın öz bayrağına - milli atributlarına nə qədər sayğılı olduğunu görür. Ümummilli liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan 9 noyabr - Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir”.

Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının saytına Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

O qeyd edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyimizin rəmzi kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Hər bir vətəndaşın borcudur ki, bu bayrağın əbədi dalğalanması üçün öz üzərinə düşəni etsin, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışsın:

“Qürur hissi ilə deyə bilərik ki, biz dünyanın ən uca bayrağının dalğalandığı məmləkətin vətəndaşlarıyıq. Biz bununla fəxr edə bilərik. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə də dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır. Vaxtilə Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib fəryad edərək dünyasını dəyişdi. Mən AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi ilk dəfə Strasburqa gedəndə Avropa Şurasında bayrağımızın qarşısında diz çökdüm və qürur hissi ilə Məhəmməd Hadiyə xitabən “Ruhun şad olsun, var millətimizin imzası imzalar içində” dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında və digər nüfuzlu beynəlxalq təşkilatların qarşısında dalğalanır və hər bir vətəndaşımız bununla qürur duyur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti