Bakı. Elçin Mehdiyev - Trend:
15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı almaq qaydaları dəyişə bilər.
Trend-in məlumatına görə, bununla bağlı “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna 1.2-1-ci maddə əlavə olunur.
Əlavədə deyilir ki, doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər. Bununla bağlı qanunun 3.2 və 7-ci maddələrində də müvafiq dəyişikliklər edilib.
Qeyd olunur ki, həmin qanuna uyğunlaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda da düzəlişlər aparılıb. Belə ki, qanunun 6-cı maddəsində təsbit olunan vətəndaşlığı təsdiq edən sənədlər siyahısına “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı” bəndi əlavə edilir.