...

Türkiyə Prezident Administrasiyası: Beynəlxalq ictimaiyyət Xocalı faciəsinə layiqli qiymət verməlidir

Siyasət Materials 26 Fevral 2019 16:59 (UTC +04:00)
Türkiyə Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən layiqli qiymət verilməsini gözləyir
Türkiyə Prezident Administrasiyası: Beynəlxalq ictimaiyyət Xocalı faciəsinə layiqli qiymət verməlidir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən layiqli qiymət verilməsini gözləyir.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Administrasiyadan bildiriblər ki, Türkiyə azərbaycanlı qardaşlarının kədərini bölüşür və bu qanlı faciəni heç vaxt unutmayacaq.

Məlumatda o da qeyd olunub ki, Türkiyə Ermənistanı Azərbaycan ərazilərinin işğalını dayandırmağa və bu torpaqları qanuni sahiblərinə qaytarmağa çağırır.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti