Bakı. Hüseyn Səfərov - Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində Rusiya qazının TANAP infrastrukturu vasitəsilə Avropa ölkələrinə nəqlinin mümkünlüyü barədə bəyanatı kifayət qədər sensasion xarakter daşıyır.
Bunu Trend-ə rusiyalı ekspert Stanislav Pritçin deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin bəyanatı çox əlamətdar və ciddidir: “Mahiyyət etibarilə bu, texniki və nəzəri cəhətdən Rusiya ilə Azərbaycanın cənubi Avropa ölkələrinə qaz tədarükçüsü kimi birgə işləyə biləcəyinin rəsmi tanınmasıdır. Bu barədə ekspertlər uzun müddət müzakirələr aparıb”.
Ekspertin fikrincə, Azərbaycan liderinin bəyanatı onu göstərir ki, siyasi səviyyədə Rusiya ilə Azərbaycanın tərəfdaş qismində çıxış etməsi, hər hansı bir böhran vəziyyətində bir-birinin infrastrukturlarından istifadə etməsi və layihələrin səmərəliliyini artırması üçün heç bir mneə yoxdur: “Əgər “Qazprom” borudan istifadə etsə və bunun üçün ödəniş etsə, bu, Azərbaycana, xüsusilə də “Şahdəniz 2” yatağının tam gücü ilə işləməsinə qədər boru xəttini doldurmağa imkan verəcək”.
S.Pritçin əlavə edib ki, Azərbaycan Prezidentinin bəyanatı onun bu məsələni siyasi səviyyədə müzakirə etməyə hazır olduğunu göstərir: “Prezident İlham Əliyevin bu bəyanatı məhz Davosda etməsi onu göstərir ki, Azərbaycan həqiqətən də enerji sahəsində və Rusiyanın enerji ehtiyatlarının nəqli üçün artıq mövcud olan infrastrukturun istifadəsi məsələsində Rusiya ilə konstruktiv əməkdaşlığa hazırdır”.