Bakı. Trend:
Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarları vətəndaşlarımız böyük razılıqla qarşılayır, bunu dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər.
Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
Trend Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Gədəbəy rayonunun Çalburun kəndinin sakini Əhməd Quliyev dövlətimizin başçısının uğurlu siyasəti sayəsində ölkəmizin bu bəladan minimum itki ilə çıxacağına əminliyini bildirərək yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, hazırda bir çox ölkələri öz ağuşuna alan pandemiya Azərbaycandan da yan keçmədi. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı. İnanırıq ki, Sizin sayənizdə ölkəmiz bu bəladan minimum itki ilə çıxacaq. Belə çətin zamanda hər bir vətəndaş özünü dövlətin, Prezidentin himayəsində hiss etdi. Bunun bariz nümunəsi kimi, bu ay imzaladığınız fərman və sərəncamları xüsusi qeyd etmək lazımdır. Yaşı 65-dən yuxarı 176 məhbusun əfv edilməsi Sizin necə humanist Prezident olduğunuzu göstərir. İşsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər. Cənab Prezident, bütün bunlara görə ailəmiz adından Sizə təşəkkür edirəm. Biz gənclər Sizinlə fəxr edirik və Sizi dəstəkləyirik”.
Bakı şəhər sakini Sabir Əfəndiyev məktubunda yazır: “Möhtərəm cənab Prezident, mən pensiyaçıyam, yeddi nəvəm var, onlardan ikisi qardaş Türkiyədə təhsil alır. Onların atası, yəni oğlum Azərbaycan Ordusunun zabitidir. Ölkəmiz və dünyamız üçün bu çətin koronaviruslu günlərdə nəvələrim Türkiyədən xəbər verdilər ki, dövlətimiz onların hər birinə maddi yardım etmişdir. Bu xoş xəbərdən çox sevindim, fərəhləndim və böyük qürur hissi keçirdim, ürəyim dağa döndü. Allah da Sizi sevindirsin. Hörmətli Prezident, əlli iki ildən artıq əmək stajım var. Bütün həyatım boyu elimə, obama, millətimə, xalqıma, doğma yurduma, Vətənimə bağlı olmuşam, onunla birlikdə addımlamışam, ölkəmin ictimai-siyasi həyatında daim fəal olmağa çalışmışam. Xoşbəxtlikdən taleyim elə gətirmişdir ki, gənclik-tələbəlik illərim də daxil olmaqla, demək olar ki, bütövlükdə təhsil və əmək fəaliyyətim ulu öndərimiz Heydər Əliyevin Sovetlər İttifaqında və müstəqil Azərbaycanda rəhbər vəzifələrdə olduğu dövrlərə təsadüf edib. Mən onun möhtəşəm fəaliyyətini həmişə böyük maraqla izləmişəm, çıxışlarını, nitqlərini dinləmişəm, daim ondan öyrənmişəm, daim ona inanmışam və yaxşı bilirəm ki, Siz hansı ictimai-siyasi məktəbin yetirməsisiniz. Odur ki, prezident seçkilərində birmənalı olaraq Sizi dəstəkləmişəm və Sizə səs vermişəm. Həmişə əmin olmuşam və bu gün bir daha təsdiqləndi ki, öz seçimimdə yanılmamışam. Siz doğrudan da ölkəmizin hər bir vətəndaşının qayğısına qalan layiqli Prezidentimiz, Ali Baş Komandanımızsınız. Nəticələr göz qabağındadır. Biz yaxşı görürük ki, “mənəm-mənəm” deyən lider ölkələr dünyanı çulğamış koronavirus sınağında hansı vəziyyətdədirlər. Yalnız Sizin uzaqgörənlik, yüksək təşkilatçılıq, hər bir məsələyə ciddi yanaşmaq bacarığınız, eləcə də bizim sevimli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xalqımıza ana qayğıkeşliyi sayəsində Azərbaycanımız ağır bəlalara düçar olmamışdır. Bunları görməyənlər nadandırlar. Əziz və hörmətli Prezidentimiz, biz ailəlikcə Sizinlə fəxr edirik. Sizə ailənizlə birlikdə uzun və sağlam ömür, cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə daha böyük müvəffəqiyyətlər və uğurlar diləyirik”.
Qazax rayonunun sakini Yusif Yusifov Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində görülən qətiyyətli tədbirlərin xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaratdığını vurğulayaraq yazır: “Möhtərəm cənab Prezident, bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşiblər. Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində görülən qətiyyətli qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb. Yerlərdə əhalinin sosial müdafiəsinə yönəlmiş proqramlar layiqincə icra olunur, nəticədə hər bir ailə dövlətin sosial qayğısını öz üzərində hiss edir. Qazax rayonunda aidiyyəti qurumlar koronavirusa qarşı mübarizəyə səfərbər edilib, imkanı olan şəxslər aztəminatlı ailələrə yardım göstərirlər. Rayonumuzun ağsaqqalları, ziyalıları adından Sizə, nəcib işləri ilə xalqın sevimlisinə çevrilmiş Mehriban xanıma minnətdarlığımızı bildirir, Siz başda olmaqla ailənizə cansağlığı, qarşıya qoyulmuş hədəflərə çatmaq istiqamətində fəaliyyətinizdə uğurlar arzu edirəm”.
Bakı şəhər sakini Güldanə Babaşova xalqımıza yorulmadan göstərdiyi misilsiz xidmətlərə görə dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Əziz və hörmətli Prezidentimiz, əvvəla Sizə və ailə üzvlərinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz əlillərə və kimsəsizlərə heç vaxt dəstəyinizi və qayğınızı əsirgəmirsiniz. Dövlətimizin başçısı olaraq xalqımıza yorulmadan göstərdiyiniz misilsiz xidmətlərinizə görə Sizə dərin ehtiram bəsləyirik. Bu xalqa Sizin kimi Vətənini sevən igid oğul bəxş etdiyi üçün Allah atanıza və ananıza qəni-qəni rəhmət eləsin. Ümid edirik ki, bütün dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Bir vətəndaş olaraq hamımız karantin qaydalarına, qoyulmuş qadağalara sonadək riayət etməliyik. Çünki yalnız bu yolla öz sağlamlığımızı qoruya bilərik. Sağlamlığımızın qorunması istiqamətində gördükləri misilsiz işlərə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkür edirəm. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün Azərbaycan xalqının bu çətin günlərdə bir olmasına, həmrəylik göstərməsinə mühüm töhfə verdi. İnanırıq ki, bu çağırışınızla bir gün doğma Qarabağımızı işğaldan azad edəcəyik”.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov və rayon sakini Sahil Hüseynov yazırlar: “Hörmətli cənab Prezident, dünyanı cənginə alan koronovirus pandemiyası ilə bağlı təxirəsalınmaz, qabaqlayıcı tədbirlərə, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına, sağlamlığının qorunmasına, eləcə də bu çətin dövrdə vətəndaşlarımızın sosial müdafiəsinə və biznes mühitinə dəyən ziyanın aradan qaldırılmasına göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Bu günlərdə ölkədə vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr heç nəyə nail olmayacaqlar. Biz Prezidentimizin ətrafında sıx birləşir, onun çağırışlarına və səsinə səs veririk”.
Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsinin sakinləri Gülarə Əzimova və Qədir Cəfərov dövlətimizin başçısının xalqımızın sağlamlığı naminə verdiyi tapşırıqları yüksək qiymətləndirdiklərini bildirərək yazırlar: “Əziz Prezidentimiz, bu çətin və böhranlı günlərdə Azərbaycan xalqının həmrəyliyi bizi çox sevindirir. COVID-19 pandemiyasına qarşı aparılan bu ümumxalq mübarizəsində Sizin tapşırıqlarınızın, çağırışlarınızın xalqımızın sağlamlığı naminə olduğunu hamımız bilir və bunu yüksək qiymətləndiririk. Cənab Prezident, xalqımızın sağlamlığını ən vacib amil hesab etməyiniz Sizə olan inamımızı daha da gücləndirdi. Bununla yanaşı, dövlətimizin çətin vəziyyətlə üz-üzə qaldığı bir dönəmdə bizim kimi aztəminatlı ailələrə göstərdiyiniz maddi yardıma görə də Sizə minnətdarlığımızı bildiririk. Uca Allah Sizi və ailənizi qorusun”.
Bakı şəhər sakini Sabutay Hacıyev ölkəmizdəki sosial və karantin tədbirlərinin əhalinin böyük əksəriyyəti tərəfindən alqışlandığını qeyd edərək yazır: “Möhtərəm cənab Prezident, hazırda qarşılaşdığımız pandemiya ilə əlaqədar rəhbərliyinizlə həyata keçirilən sosial və karantin tədbirləri əhalinin böyük əksəriyyəti tərəfindən tam dəstəklənir və alqışlanır. İndi yoluxma hallarının azalması və xəstəlikdən sağalanların sayının artması təcrid tədbirlərinin vaxtında həyata keçirilməsinin nəticəsidir. Mən bir vətəndaş kimi bizi bu dəhşətli bəladan qorumaq üçün gördüyünüz tədbirlərə görə ailəm və çoxsaylı dostlarım, onların ailələri adından Sizə dərin təşəkkürümü bildirirəm. Mən ölkəmizin gələcəyi, xalqımızın rifahı üçün gördüyünüz işlərin yaxşı nəticələr verəcəyinə tam əminəm. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı və yeni uğurlar arzulayıram”.
Bakı şəhəri Xətai rayonunun sakini Nəzrin Teymurova xalqımızı koronavirus pandemiyasından maksimum dərəcədə qorumaq üçün gördüyü işlərə görə Azərbaycan Prezidentinə təşəkkür edərək yazır: “Cənab Prezident, xalqımızı koronavirus pandemiyasından maksimum dərəcədə qorumaq üçün gördüyünüz bütün işlərə və səylərinizə görə Sizə təşəkkür edirəm. Sizə bu məktubu yazmaq mənim üçün böyük şərəfdir. Bizim ailəmiz əməyinizi çox yüksək dəyərləndirir, Sizə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir. Cənab Prezident, ümid edirəm ki, qısa müddətdə Azərbaycanda həyat tamamilə öz əvvəlki axarına düşəcək. Çox sağ olun”.
Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsinin sakini Famil İbrahimov dünyada tüğyan edən koronovirus pandemiyası ilə əlaqədar dövlətimizin başçısının verdiyi qərar və tapşırıqların Azərbaycan xalqının sağlam və xoşbəxt yaşamasına xidmət etdiyini bildirir. O yazır: “Möhtərəm cənab Prezident, biz Sizin yürütdüyünüz daxili və xarici siyasəti daim dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Yürütdüyünüz uzaqgörən siyasətə, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezident, dünyada tüğyan edən koronovirus pandemiyası ilə əlaqədar verdiyiniz qərar və tapşırıqlar Azərbaycan xalqının sağlam və xoşbəxt yaşamasına xidmət edir. Sizin vətənpərvərliyiniz, möhkəm iradəniz, uzaqgörən dövlət xadimi olmağınız, həyata keçirdiyiniz layihələrin və apardığınız islahatların xalqımızın maraqlarına xidmət etməsi bizi sevindirir və gələcəyə ümidlərimizi daha da artırır. Sağlam gələcəyimiz üçün gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq. Sizin xalqımız üçün gördüyünüz işləri alqışlayırıq. Allah Sizi qorusun! Ailəmin adından və öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm”.
Bakı şəhərinin Xətai rayonundakı İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin rəhbərliyi və pedaqoji kollektivi adından dövlətimizin başçısına məktub ünvanlayan Samirə Məhərrəmova da Prezident İlham Əliyevin müdrik qərarları sayəsində xalqımızın bu bəladan qurtulacağına əminliyini bildirir. O yazır: “Hörmətli cənab Prezident, Sizin ölkəmizdə koronovirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə, vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində gördüyünüz işlər, verdiyiniz müdrik qərarlar sayəsində biz bu bəladan qurtulacağıq. Cənab Prezident, cəmiyyətdə müəllim adını daha da ucaltmaq, bu ada olan dəyər və qiyməti ən yüksək səviyyəyə qaldırmaq üçün gördüyünüz işlərə, müəllimlərə göstərdiyiniz inam və etimada görə Sizə məktəb-liseyimizin kollektivi adından təşəkkürümü bildirirəm. Biz birlikdə güclüyük. Allah Sizi, ailənizi və xalqımızı qorusun”.
Şamaxı rayonunun Çarhan kəndindən olan şagird Emin Rzayev yazır: “Möhtərəm cənab Prezident, ölkəmizdə koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Hələ ölkəmizdə COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanmışdı. Sonra Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Mən bir şagird olaraq həmişə Sizin işlərinizi bəyənmişəm. Siz yaşlı insanlara daim xüsusi diqqət göstərmisiniz. Bu dövrdə biz bunu daha aydın görürük. Siz bütün tədbirlərdə Azərbaycanı layiqincə təmsil edir, ölkəmizin adını ucaldırsınız. Sizin sayənizdə bayrağımız ən uca zirvələrdə, mötəbər yerlərdə dalğalanır. Mən doğma Azərbaycanımı dünyada ən xoşbəxt ölkə hesab edirəm. Çünki bu xalqın Sizin kimi qeyrətli, mərd oğlu, müdrik Prezidenti var. Xalqımız həmişə Sizinlədir”.
Ağdaş rayonunun sakini Nurlan Qəribov koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin ağdaşlılarda da qürur hissi oyatdığını qeyd edərək yazır: “Möhtərəm cənab Prezident, ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq üçün Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirlər biz ağdaşlılarda da qürur hissi oyadır. Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən yüksək texnologiya və tibbi avadanlıqlarla təmin edilən tibb müəssisələrinin açılması Sizin düzgün siyasətinizin bariz nümunələridir. Əfsuslar olsun ki, bu xəstəlik bizim ailəmizdən də yan keçmədi. Bibimin bu virusa yoluxduğu aşkarlandı. Amma fədakar həkimlərimiz tərəfindən göstərilən yüksək tibbi xidmət və aldığı düzgün müalicə nəticəsində o, sağ-salamat ailəmizə qayıtdı. Buna görə ailəmiz adından həm Sizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və fədakar həkimlərimizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun!”.
Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirlərinin minimuma endirildiyini vurğulayan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndinin sakini Rəsul Zülfüqarov yazır: “Çox hörmətli cənab Prezident, bütün dünyanın üzləşdiyi COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində ölkəmizə və xalqımıza göstərdiyiniz əvəzolunmaz xidmətinizə görə Sizə şəxsən öz adımdan, ailəmin və yaşadığım Qahab kəndinin sakinləri adından sonsuz təşəkkürümü bildirirəm. Danılmaz faktdır ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib, digər vaxtlarda olduğu kimi, indiki çətin dövrdə də xalqımızın rahat, firavan və sağlam yaşaması üçün hər cür şərait yaradılıb. Əminəm ki, bundan sonra da baş verə biləcək hər hansı bir bəladan xalqımızı yüksək səviyyədə qoruyacaqsınız. Hörmətli cənab Prezident, Sizə bir daha sonsuz təşəkkürümü bildirir, sağlam və uzun ömür arzulayıram. Tanrı Sizi Azərbaycan xalqına çox görməsin!”.
COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində gördüyü işlərə görə dövlətimizin başçısına minnətdarlıq edən vətəndaşlarımız arasında Bakı şəhəri Yasamal rayonunun sakini Xəyalə Məcidova da var. O, məktubunda yazır: “Hörmətli cənab Prezident, COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə minnətdaram. Böyük dövlətlərin bu virus qarşısında necə aciz qaldıqlarını görürük. İnanıram ki, Sizin uzaqgörənliyiniz sayəsində ölkəmiz tez bir zamanda bu virusa qalib gələcək. Bu çətin dövrdə işsiz əhaliyə birdəfəlik ödəmə, yeni xəstəxanaların açılması, sahibkarlara dəstək, imzaladığınız sərəncamlar və s. Sizin ölkəmizin və xalqımızın həyatında necə böyük bir rola malik olduğunuzu bir daha göstərdi. Siz həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz. Biz Sizə inanırıq və Sizinlə qürur duyuruq. Sizə və Mehriban xanıma ailəm adından dərin təşəkkürümü bildirirəm. Allah Sizi və xalqımızı qorusun!”.