...

Bolqarıstan KİV-lərində Şuşanın işğalı ilə bağlı silsilə xəbərlər dərc olunub (FOTO)

Siyasət Materials 15 May 2020 23:43 (UTC +04:00)
Bolqarıstan KİV-lərində Şuşanın işğalı ilə bağlı silsilə xəbərlər dərc olunub (FOTO)

Bakı. Trend:

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə əlaqədar Bolqarıstanın aparıcı KİV-lərində silsilə məqalə və məlumatlar yayımlanıb.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Trend-ə məlumatıa görə, Şuşa şəhərinin işğalın ildönümü ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova tərəfindən Bolqarıstan KİV-lərinə müraciət ünvanlanıb. Müraciət müxtəlif adlar altında Bolqarıstan Milli Radiosunun, “Fokus” xəbər agentliyinin, “Kırcaalihaber” qəzetinin, www.fakti.bg, www.novini247.com, www.novinata.bg, www.5gmedia.bg, www.iskra.bg portallarının, www.blacksea-caspia.eu və www.svobodennarod.eu səhifələrinin internet saytlarında çap olunub.

Müraciətdə Şuşa şəhərinin yaranma tarixindən bəhs olunaraq onun Azərbaycan musiqisinin və mədəniyyətinin beşiyi və Qarabağın incisi adı ilə Orta Asiya və Orta Şərqdə tanındığı qeyd olunur. 18-ci əsrin ortalarından 1822-ci ilədək Qarabağ xanlığının paytaxtı olan şəhərin eyni zamanda Azərbaycan xalçaları, ipəkləri, parçaları və çini qabları ilə dünya bazarında böyük populyarlıq qazandığı bildirilir.

Qarabağ xanlığının son hökmdarı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan haqqında məlumat verilən müraciətdə Qarabağ xanlığına səfəri zamanı A.Duma ilə Natəvanın şahmat oynamasına diqqət çəkilir. Ardınca vurğulanır ki, Şuşadan olan bəstəkarların, musiqiçilərin, sənətkarların və yazıçıların nəsilləri bu mədəniyyət məbədinə “Qafqazın konservatoriyası” adı veriblər. Parlaq, rəngarəng dizaynları, yerli Qarabağ atları, qədim məscidləri, sarayları və görkəmli memarlığı ilə seçilən Şuşa şəhəri Azərbaycan mədəniyyətinə verdiyi töhfə sayəsində 1977-ci ildə Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub.

Şuşanın 28 ildir Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu qeyd olunmuş müraciətdə bildirilir ki, işğal nəticəsində şəhər və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşmüş, 24 mindən çox əhali isə etnik təmizləməyə məruz qalıb. Eyni zamanda, mədəniyyət və tarixi abidələrin dağıdılması, məbəd və məscidlərin vandalizmə məruz qalması haqqında ətraflı məlumat verilir.

Vurğulanır ki, beynəlxalq birlik, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində əks olunduğu kimi, Azərbaycana qarşı hərbi güc tətbiq edilməsini və onun ərazilərinin işğalını qəti şəkildə qəti şəkildə qınayır. Beləliklə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı bir hərəkəti rədd etmiş və bu cür hərəkətlər nəticəsində yaranan vəziyyətin qanuniliyini tanımaqdan imtina etmişdir. Mayın 8-də Ermənistan siyasi rəhbərliyinin qondarma “Qələbə Günü” qeyd etmək üçün Şuşaya mütəmadi səfərləri isə İkinci Dünya Müharibəsi illərində nasistlərin Avropa şəhərlərini işğal etməsi kimi xatırlanır. Əlavə olunur ki, həmin hal Avropa İttifaqının tərəfdaş ölkəsi olan Ermənistanın hələ də tətbiq etdiyi nifrət və ksenofobiya siyasətinin yolverilməzliyi barədə sivil dünyaya çirkin bir xatırlatmadır. Sonda vurğulanır ki, beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməsini təmin etmək və bu ölkədən işğala, habelə Azərbaycan ərazilərinin demoqrafik, iqtisadi, sosial və mədəni xüsusiyyətlərini dəyişdirməyə son qoymağı tələb etmək məsuliyyəti var. Sayı 1 milyondan çox olan azərbaycanlı məcburi köçkünlərin qarşısında beynəlxalq aləm öhdəlik daşıyır.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın üzvü Aybəniz İsmayılovanın müəllifi olduğu məqalə isə “Aybəniz İsmayılova: Şahzadə Natəvanın narahat ruhu hüzur tapanadək xəyallarımızda gəzməyə davam edəcək və Şuşaya qayıdacaq” adı altında Bolqarıstanın nüfuzlu “Fokus” xəbər agentliyinin və “Bürünc qadının xəyalı” sərlövhəsi ilə “Kırcaalihaber” qəzetinin internet səhifəsində yayımlanıb.

Məqalədə Şuşa şəhərinin əsasının qoyulması, bölgənin əhəmiyyətli siyasi, iqtisadi və mədəni mərkəzə çevrilməsi haqqında məlumat verilir və buradan çoxsaylı Azərbaycan şairləri, yazıçıları, musiqiçiləri, aktyorları və ziyalılarının çıxdığı qeyd olunur. “Xurşidbanu” təxəllüsü ilə tanınan şahzadə Natəvanın obrazı üzərində qurulmuş məqalədə şairin kiçik, lakin möhtəşəm şəhərin mədəni irsini daha da zənginləşdirdiyi, onun istedadı, qüsursuz zövqü və xalqına olan böyük qayğısı ilə fransız həmkarı Aleksandr Dumanı valeh etdiyi qeyd olunur. Ardınca təəssüf hissi ilə bildirilir ki, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Natəvanın Ev muzeyi, onun himayəsi altında qurulmuş bulaq və bütün digər abidələr dağıdılıb.

Ermənistan silahlı qüvvələri Gəncə darvazasını, Pənahəli xanın qala və kitabxanasını, 19-cu əsr Gövhərağa məscidini, Karvansarayı və 5000 eksponatdan çox kolleksiyaya malik Şuşa Muzeyini viran qoyulub.

Məqalədə beynəlxalq birlik tərəfindən işğal altındakı Qarabağ bölgəsinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazisi kimi qəbul olunduğu vurğulanmaqla artıq 30 ildir ki, azərbaycanlıların təməl insan hüquqlarından istifadə edərək vətənlərinə qayıda bilmədikləri bildirilir. Həmçinin, “Xanqızı”nın güllələnmiş abidəsinin sökülərək Gürcüstanda satılmasından və Brüsselin Vaterloo şəhərindəki Natavanın abidəsinin təhqir olunmasından ətraflı məlumat verilir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramovanın müəllifi olduğu “Azərbaycanın Şuşası - bürüncdən daha davamlıdır” adlı məqalə nüfuzlu “Standart” qəzetinin və www.novini247.com portalının internet səhifəsində yayımlanmışdır. Məqalədə mayın 8-də Avropanın nasizm üzərində qələbəni qürurla qeyd etdiyi dövrdə Azərbaycan xalqının 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Şuşa şəhərinin taleyindən kədərləndiyi qeyd olunur.

Tarixi Azərbaycan şəhərinin xalqımızın elmi həyatında oynadığı böyük rola diqqət yetirilir və Azərbaycan xalqının poeziyası, mədəniyyəti və musiqisindəki mövqeyi vurğulanır. Qeyd olunur ki, Şuşadan olan bəstəkarların, sənətkarların, musiqiçilərin və yazıçıların nəsilləri bu mədəniyyət məbədinə “Qafqaz Konservatoriyası” adını qazandırmışdır. Bu gözəl guşədə ənənəvi Azərbaycan vokal və instrumental sənət janrı olan muğamın aparıcı məktəblərindən biri formalaşıb.

Ardınca şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal nəticəsində dəymiş maddi və mənəvi dağıntılar haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin kolleksiyalarında Şuşa şəhəri ilə bağlı çoxlu materiallar mövcuddur. Onlar Şuşadan olan fotoşəkillər, şəxsi əşyalar, sənədlər, musiqi alətləri, əlyazmalar, məktublar, səs qeydləri, kitablar və s. ehtiva edir. Görkəmli musiqiçilərdən bəhs edən materiallardan söhbət açılır və Üzeyir Hacıbəyov başda olmaqla, Xurşidbanu Natəvan, Bülbül, Mirzə Sadıq Əsədoğlu, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski və digərləri barədə məlumat verilir.

Şuşa və bütövlükdə Qarabağın Azərbaycandan ayrılmaz tərkib hissəsi olması vurğulanan məqalə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi ilə tamamlanır.

Eyni zamanda, “Fokus” xəbər agentliyinin “Dünya tarixdə bu gün” seriyasında 8 may tarixinə olan məlumatda da Şuşa şəhərinin işğalına yer verilir. 1992-ci ildə Azərbaycanın tarixi Şuşa şəhərinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildiyi qeyd olunaraq işğalın ağır nəticələri sadalanır. Məlumatda “Azərbaycan musiqisinin beşiyi” və “Qafqaz Konservatoriyası” kimi təqdim olunan Şuşa şəhərinin işğalı nəticəsində Azərbaycan xalqının maddi, mədəni və mənəvi irsinə ağır zərbə vurulduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti