...

Aydın Səfixanlı: Ermənistan Gəncə şəhərini atəşə tutmaqla beynəlxalq hüquqa saymazyana münasibət göstərdiyini bir daha sübut etmiş oldu

Siyasət Materials 4 Oktyabr 2020 15:21 (UTC +04:00)
Aydın Səfixanlı: Ermənistan Gəncə şəhərini atəşə tutmaqla beynəlxalq hüquqa saymazyana münasibət göstərdiyini bir daha sübut etmiş oldu

Bakı. İlhamə İsabalayeva -Trend:

2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından və aviasiyadan istifadə etməklə intensiv şəkildə atəşə tutmaqda davam edir.

Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, ermənilərin mülki əhalini atəşə tutması nəticəsində dinc əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş vermiş, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəymişdir.

A.Səfixanlı qeyd edib ki, Ermənistan Azərbaycanın ikinci böyük şəhəri və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini ağır artilleriya atəşinə tutmaqla və mülki əhalini bilavasitə hədəf seçməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, Cenevrə Konvensiyalarına, o cümlədən, Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyana saymazyana münasibət göstərdiyini bir daha sübut etmiş oldu.

Beynəlxalq hüquqa görə təcavüzə yol verən, müharibə cinayətləri törədən və insani dəyərlərə hörmət etməyən dövlət mütləq cəzalandırılmalıdır:"

Belə ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən BMT üzvünə qarşı edilən təcavüzün qarşısı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən dərhal və qətiyyətlə alınmalıdır.

Lakin təəssüflə qeyd etmək istərdim ki, beynəlxalq təşkilatlar 30 ildir bunu edə bilmir və ya etmək istəmir.
Belə olan halda Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımı addımlar atmalı, təcavüzkara törətdiyi cinayətə görə layiqli cəzasını verməlidir və artlq bu cəza tədbirlərinə başlamışdır.

Bu, Azərbaycanın beynəlxalq hüquqa söykənən təbii hüququdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti