...

Konstitusiya Məhkəməsi: Muzdlu döyüşçülər beynəlxalq hüquq normalarına görə cinayətkar kimi tanınırlar

Siyasət Materials 5 Oktyabr 2020 15:23 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Hərbi münaqişədə və ya hərbi əməliyyatlarda muzdlulardan istifadə Ermənistanın Cinayət Məcəlləsində də cinayət hesab olunur.

Bunu Trend-ə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri Rauf Quliyev deyib.

Onun sözlərinə görə, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dövlətimizin hərbi mövqelərini, eyni zamanda yaşayış məntəqələrini atəşə tutur. Son zamanlar Ermənistan tərəfindən törədilən belə təxribatlar danışıqlar prosesini pozmaq, status-kvonu qoruyub-saxlamaq və Ermənistanda olan sosial-siyasi böhrandan əhalinin diqqətini yayındırmaq məqsədi daşıyır:

"Hər zaman olduğu kimi, bu təxribatın da qarşısı qətiyyətlə alınıb və əks-hücum əməliyyatı təşkil edilərək düşmən adekvat cavab alıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirərək işğal altında olan Azərbaycan torpaqlarını düşməndən azad etməkdə qətiyyətlə irəliləyir. Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində işğal edilmiş torpaqlar azad olunur, düşmən isə çox sayda itki verərək geri çəkilir və təbii ki, bu nəticə düşməni çıxılmaz vəziyyətə salır. Hər gün daha da məğlub vəziyyətə düşən təcavüzkar Ermənistan müxtəlif ölkələrdən muzdlu əsgərlər gətirərək Dağlıq Qarabağda döyüşlərə cəlb edir".

R.Quliyev əlavə edib ki, Ermənistanın prezidenti həmin növ yaraqlılardan istifadə etdiklərini təsdiqləməklə terrorçuluğu dəstəklədiyini nümayiş etdirmiş oldu. Təcavüzkar Ermənistanın bu əməli birbaşa olaraq beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.

Aparat rəhbəri qeyd edib ki, “Muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyaya əsasən muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsi bu Konvensiyanın 2-ci maddəsinə əsasən cinayət hesab olunur. Muzdluların bu növ fəaliyyətinə dair qəti qadağa 1929 və 1949-cu illərdə qəbul edilmiş Cenevrə Konvensiyalarında yer alıb. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 4 dekabr 1989-cu il tarixli qətnaməsi ilə qəbul edilən “Muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyada müəyyən edilib ki, muzdluların hərəkəti hökuməti devirməyə, konstitusiya quruluşunun və ya ərazi bütövlüyünün pozulmasına yönəlib.

R.Quliyev bildirib ki, BMT Baş Assambleyasının “Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında” 1970-ci il tarixli Bəyənnaməsində BMT üzv dövlətlərinə muzdluların hərəkətlərini dəstəkləməsini qəti şəkildə qadağan edir. Muzdlular beynəlxalq hüquq normalarına görə cinayətkar kimi tanınır və məhkəmə qarşısından beynəlxalq cinayətkar qismində cavab verməlidirlər.

Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114-cü maddəsinə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə cinayət hesab olunur. Cinayət Məcəlləsinə əsasən muzdlu dedikdə, hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərən şəxslər nəzərdə tutulur.

Konstitusiya Məhkəməsinin rəsmisi deyib ki, hətta Ermənistanın Cinayət Məcəlləsinin 395-ci maddəsində analoji əməllər cinayət hesab olunur. Buna baxmayaraq, uzun illərdir bölgədə demoqrafik vəziyyəti dəyişməyə çalışan Ermənistan hazırda Azərbaycana qarşı muzdlulardan istifadə etməklə növbəti dəfə beynəlxalq hüququn normalarını kobud şəkildə pozmaqdadır:

"Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müxtəlif yüksək tribunalardan beynəlxalq ictimayyətə müraciət edərək Ermənistan hakimiyyətinin 30 ildən artıq bir müddətdə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti barədə və danışıqlar prosesinin Ermənistan tərəfindən bilərəkdən, məqsədyönlü şəkildə pozulmasından və son vaxtlar Azərbaycana qarşı törədilən hərbi təxribatların artması barədə məlumat verib. Azərbaycanın işğal altında olan torpaqlarını istənilən yolla azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi onun suveren hüququdur. Əminik ki, işğal altında olan bütün torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən tezliklə işğaldan azad ediləcək. Bu şərəfli vəzifənin yerinə yetirilməsində rəşadətli ordumuza uğurlar arzu edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti