...

Deputat: Ermənistan BTC-ni hədəfə almaqla Avropa ölkələrinin də maraqlarına zərbə vurur

Siyasət Materials 7 Oktyabr 2020 09:10 (UTC +04:00)
Deputat: Ermənistan BTC-ni hədəfə almaqla Avropa ölkələrinin də maraqlarına zərbə vurur

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan orudusuna cəbhədə uduzan Ermənistan azğınlaşaraq son çıxış yolunu dinc əhalimizi, mülki obyektlərimizi, eyni zamanda enerji mənbələrimizi hədəfə almaqda görür. Düşmən Mingəçevir elektrik stansiyası və Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan (BTC) neft kəmərini hədəfə almaqla regionu ekoloji fəlakətlə üzləşdirib.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat vurğulayıb ki, dünən ermənilər beynəlxalq səviyyədə istifadəsinə qadağa qoyulmuş kasset bombaları ilə BTC əsas neft ixrac kəmərini bombalayıb:

“Amma ordumuzun müasir silahları həmin bombanı havada zərərsizləşdirib və kəmərin 10 metrliyinə düşüb. Azərbaycan ordusu bundan sonra da BTC-nin təhlükəsizliyini təmin edəcək. Ermənilər BTC-ni partlatmaqla ancaq Azərbaycana zərər vermiş olmurlar.

BTC-də Azərbaycanla yanaşı payçı qismində beynəlxalq aparıcı şirkətlər də iştirak edir. Bu həm də həmin şirkətlərin maraqlarına toxunmaq deməkdir. BTC həm də Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır. Burada dünyanın böyük ölkələrinin iqtisadi maraqları olduğu qədər siyasi maraqları da mövcuddur və BTC-yə olan təhdid həmin ölkələrin maraqlarına toxunulması deməkdir.

Ona görə də BTC-nin qorunması təkcə Azərbaycanın yox, bu kəmərdən yararlanan bütün ölkələrin işi olmalıdır. Amma çox təəssüf ki, bu ölkələr öz maraqlarını da tapdalayaraq dünya ölkələri üçün böyük əhəmiyyət daşıyan BTC üçün təhlükə mənbəyinə çevrilmiş Ermənistana heç bir təzyiq göstərmədən susqunluqla keçirlər. Azərbaycan regionda təhlükəsizliyin təminatçısı missiyasını öz üzərinə götürüb və tezliklə işğal altındakı torpaqlarımızı azad etməklə regionun təhlükəsizliyini təmin etmiş olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti