...

Ermənistan ərazisindən hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflərin zərərsizləşdirilməsi hüququnu özündə saxlayır - Prezidentin köməkçisi

Siyasət Materials 14 Oktyabr 2020 11:41 (UTC +04:00)
Ermənistan ərazisindən hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflərin zərərsizləşdirilməsi hüququnu özündə saxlayır - Prezidentin köməkçisi

Bakı. Trend:

Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir:

"Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur.

11 oktyabrda Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə “SCUD” tipli ballistik raket də Ermənistanın ərazisindən atılmışdı. SCUD tipli böyük məhv etmə gücünə malik olan raketin döyüş zonasından kənarda mülki insanlara qarşı istifadə olunması ATƏT məkanında birinci haldır. Ümumiyyətlə, dünya üzrə son hərbi münaqişələrdə müşahidə olunan nadir hallardan biridir.

Ermənistanın operativ-taktiki ballistik raket sistemləri bu gün səhər radələrindən start vəziyyətinə gətirilərək Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini yenidən hədəfə alınmışdı. Mülki insanların həyatını xilas etmək üçün qabaqlayıcı zərbə ilə atəşə hazır olan bu legitim hərbi hədəflər olan raket kompleksləri zərərsizləşdirilmişdir. Ermənistanın müdafiə nazirliyi özü də bu raketlərin döyüş hazırlığına gətirildiyini etiraf etmək məcburiyyətində qalmışdır.

Bu gün səhər 07.00 radələrindən Tərtər şəhəri və Ağdamın kəndləri atəş altındadır. Bir nəfər həlak olmuşdur. Düyərli kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində 8 nəfər mülki şəxs yaralanmışdır. 100-dən çox mərmi atılmışdır.

Yaralananlar içərisində Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupunun üzvləri də vardır.

Azərbaycan humanitar atəşkəsə sadiqdir. Amma Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsini hüququnu özündə saxlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti