...

Ermənistanın itirilmiş torpaqları geri qaytarmaq cəhdləri göstərir ki, işğalçı mahiyyətini dəyişə bilmir - Deputat

Siyasət Materials 16 Oktyabr 2020 09:22 (UTC +04:00)
Ermənistanın itirilmiş torpaqları geri qaytarmaq cəhdləri göstərir ki,  işğalçı mahiyyətini dəyişə bilmir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan ordusunun zəfəri qarşısında erməni silahlı qüvvələrinin əks-hücuma keçməsi və yaxud azad edilmiş əraziləri geri qaytarmaq cəhdləri artıq Ermənistan hərbi-siyasi rəhbərliyinin ağlını itirdiyini göstərir. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, itirilmiş əraziləri geri qaytarmaq cəhdinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: “Çünki nəticə etibarı ilə bu cəhdlər çoxsaylı erməni gənclərini məhvə sürükləmək anlamındadır, onların məhvi deməkdir. İş o yerə gəlib çatıb ki, artıq Ermənistan hərbi məktəbin kursantlarını Füzuli istiqamətində döyüşlərə göndərib və nəticəsi də bəllidir. Nəzəriyyə ilə məşğul olan kursantları Azərbaycan silahlı qüvvələri tamamilə məhv edib və bunun bütün məsuliyyəti təbii ki, Paşinyanın üzərinə düşür.

Bu gün Ermənistanın hərbi-siyasi rəhbərliyi düşünməlidir ki, əgər Azərbaycan öz torpaqlarını hərbi yolla geri qaytarırsa, erməni silahlı birləşmələri üçün ən yaxşısı xoşluqla torpaqlardan çıxmaqdır. Əks halda bütün Ermənistan silahlı qüvvələri məhv ediləcək”.

Deputat əlavə edib ki, Ermənistanın itirilmiş torpaqları geri qaytarmaq cəhdi eyni zamanda işğal siyasətini davam etdirmək niyyətidir:

“Bir yandan danışıqlara gəlir, bir yandan humanitar atəşkəsə razılıq verir, digər tərəfdən də itirilmiş torpaqları geri qaytarmaq, yeni işğal siyasətini həyata keçirmək istəyir. Görünür Ermənistan hakimiyyəti hələ də cəfəng fikrindən yan keçə bilmir, yenə də öz işğalçı mahiyyətini dəyişə bilmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti