...

Prezident İlham Əliyev: Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb

Siyasət Materials 20 Noyabr 2020 12:30 (UTC +04:00)
Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb
Prezident İlham Əliyev: Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb

Bakı. Trend:

Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Bu gün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılmasına, mən ona da aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan. İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. “Mənə kömək edin” onların ideologiyasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?

Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil. Çünki biz mülki əhaliyə qarşı vuruşmamışıq. Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki vətəndaşlar arasında 94 şəhidimiz var, 400-dən çox yaralı mülki şəxs var, 3000-dən çox evimiz dağıdılıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşağıdır. Amma onlar bizim mülki əhalini məqsədyönlü şəkildə vururdular. Gəncəni ballistik raketlərlə vurmuşdular. Kasetli bombalarla Bərdəni vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir. Tərtər şəhəri demək olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər mənə məlumat verilirdi nə qədər mərmi düşür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti