...

Həmsədrlər bir dəfə də olsun erməni işğalçılarına dur demədilər - Komitə sədri

Siyasət Materials 15 Dekabr 2020 09:40 (UTC +04:00)
Həmsədrlər bir dəfə də olsun erməni işğalçılarına dur demədilər - Komitə sədri

Bakı. Trend:

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ və Fransdan olan həmsədrlərini qəbul edərkən qısa və aydın şəkildə bugünkü siyasi gerçəkliyi belə ifadə etdi: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Reallıq bundan ibarətdir”. Bəli, çox yığcam və aydın şəkildə Fransa və Amerikadan gələnlərə və onları müşayət edənlərə başa salındı ki, onların Azərbaycan xalqından həm üzr istəmələri, həm də ona minnətdar olmaq üçün kifayət qədər əsaslar mövcuddur.

Çünki Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. Şəhərlər, kəndlər dağıdılırdı, azərbaycanlılara qarşı soyqrım, etnik təmizləmə həyata keçirilirdi, tarixi abidələrimiz, məscidlərimiz, qəbirstanlıqlarımız təhqir edilir, dağıdılırdı. Amma Minsk qrupu həmsədrləri bir dəfə də olsun erməni-faşist işğalçılarına dur demədilər, onları qınamadılar, UNESCO-nu bu tarixi abidələrin qorunması və bərpası üçün Qarabağa dəvət etmədilər. İndi isə dəridən-qabıqdan çıxırlar ki, xiristian abidələri qorumaq lazımdır. Həmsədr ölkələrinin televiziyalarında sifarişli qarayaxma, böhtan kampaniyası geniş vüsət almaqdadır. Onlara cavabımız bundan ibarətdir ki, bütün tarixi abidələr, o cümlədən dini abidələr Azərbaycan xalqının milli sərvətidir və sizlərə onun qətiyyən aidiyyatı yoxdur. Ölkəmizin bütün guşələrində o abidələr qorunur və bundan sonra da qorunacaqdır. Baxmayaraq ki, müxtəlif dövrlərdə Azərbaycanı işğal etmiş qüvvələr bizim tarixi, dini abidələrimizi dağıtmaqla öz soykökümüzü bizə unutdarmağa çalışmışlar. İndi də həmin abidələr ətrafında hay-küy salmaqla Azərbaycanı nüfuzdan salmağa, tariximizi saxtalaşdırmağa və öz məkirli niyyətlərinə nail olmağa çalışırlar. Bəsdir, yetər, cənablar. Qəhrəman Azərbaycan ordusu, Azərbaycan xalqı və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bütün dünyaya göstərdi ki, biz öz müstəqilliyimizi, azadlığımızı, tariximizi, abidələrimizi, gələcəyimizi qorumağa qadirik və bu yolda istənilən savaşa hazırıq. Azərbaycan xalqının dəmir iradəsini, birliyini heç bir qüvvə sarsıda bilməz.

Ermənistanın təcavüzkar siyasəti hələ 1948-ci ildən başlamışdı. SSRİ rəhbərliyinin qərarı ilə 100 minlərlə azərbaycanlı 1947-1953-cü illərdə öz doğma torpaqlarından- indiki Ermənistandan deportasiya edildilər və onların evlərinə xarici ölkələrdə yaşayan ermənilər köçürüldülər. Mikoyanların xahişi ilə İ.Stalinin imzaladığı həmin sənəddə yazılmışdı ki, xaricdən ermənilərin Ermənistana köçürülməsi üçün azərbaycanlılar Ermənistandan kütləvi şəkildə Azərbaycana köçürülsünlər. Bu Azərbaycan xalqına qarşı genosid və etnik təmizləmə idi. 1800-cü illərin əvvəllərində azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya və soyqrımının davamı idi bu. Bu siyasət yenidən xalqımıza qarşı soyqrımına rəvac vermiş Qorbaçov dönəmində yenidən təkrarlandı. 1987-ci ilin noyabr-dekabr aylarından başlayaraq indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı soyqrımına, etnik təmizləməyə məruz qaldı, öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb oldu.

Ümummilli Liderimiz Heydər Əliyev 1993-2003-cü və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-2020-ci illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər apardılar, ölkənin iqtisadi qüdrətini artırdılar, güclü və müasir ordu qurdular, beynəlxalq aləmdə dövlətimizin nüfuzunu artırdılar, söz sahibinə çevirdilər və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.

Amma Minsk qrupu həmsədr ölkələri bütün bu tarixi faktları, beynəlxalq hüququ və qərarları görməzdən gəldilər. Bugünki kimi onlar “narahatçılıq” keçirmədilər. Ona görə də Azərbaycan xalqı öz problemini özü həll etməyə məcbur oldu. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir”.

Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törətdi, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu, kasetli raket və mərmilərlə atəşə tutdu. Bu hərbi cinayət nəticəsində 100-ə yaxın mülki vətəndaş - uşaqlar, qadınlar, qocalar həlak oldular. Dörd yüzdən çox mülki vətəndaş yaralandı, beş mindən çox ev dağıdıldı.

Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində düşmənin hərbi texnikası, çox sayda canlı qüvvəsi, demək olar ki, Ermənistan ordusu məhv edildi. Azərbaycan döyüş meydanında işğalçı ordunu məğlub edərək öz gücünü və qüdrətini nümayiş etdirdi.

Azərbaycan yalnız Vətən müharibəsi aparmışdır. Ermənistandan fərqli olaraq etnik təmizləmə və ya başqa ölkənin ərazilərini tutmaq kimi heç bir hədəfi olmamışdır. Halbuki, Azərbaycan ordusunun potensialı buna tam imkan verir. Azərbaycan cinayətkar Sarkisyan və Köçəryan ordusunu məğlub etmişdir. Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar və onlar ədalət mühakiməsi qarşısında cavab verəcəklər. Eyni zamanda erməni işğalçılarının mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə vurduğu ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və zəruri hüquqi addımlar atılacaqdır. Ermənistan həm hərbi cinayətlərinə görə cavab verəcək, həm də vurduğu ziyanı tam ödəyəcəkdir.

Azərbaycanın qəhrəman, igid əsgər və zabitlərinin döyüş meydanındakı qələbələri noyabrın 10-da Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb.

Acı təəssüf hissi ilə qeyd etməliyik ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etmədilər. Yəqin ki, onlar bundan lazım olan nəticəni çıxaracaqlar. Bəlkə də onlar bundan xəcalət çəkirlər...

ATƏT-in Minsk qrupunun həmsədrləri artıq başa düşürlər ki, regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yaranıb və bu vəziyyətin yaranması məhz Azərbaycanla Türkiyənin məsələyə konstruktiv və obyektiv yanaşmasının nəticəsidir. Ona görə də Minsk qrupunun gələcək mandatının da Azərbaycandan asılı olduğu siyasi gerçəklikdir və hər kəs bunu aydın surətdə dərk etməlidir. Yalnız bu halda gələcəkdə səmərəli qarşılıqlı əlaqələr, bərabərhüquqlu əməkdaşlıq qurula bilər. Bölgədə sülhün, tərəqqinin təmin edilməsi üçün bu olduqca vacibdir.

Regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Azərbaycan bu gün həm Cənubi Qafqazın aparıcı qüdrətli dövlətidir, həm də bölgədə, dünyada iqtisadi-siyasi gücə malik dövlətdir. Azərbaycan dövləti sülhün, inkişafın, təhlükəsizliyin qarantıdır. Yeni böyük iqtisadi layihələrin həyata keçirilməsində ən vacib tərəfdaşdır.

Prezident İlham Əliyevin dediyi kimi, xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi. Ancaq Ermənistan faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir yumruqla əzəcəyik. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz!

İndi isə Azərbaycan xalqı yeni quruculağa başlayır - xoşbəxt, firəvan həyat quruculuğuna!

Bəxtiyar Əliyev,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti