Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra Ermənistanda siyasi və sosial-iqtisadi böhran daha da dərinləşib və Ermənistanda siyasi qüvvələr arasında gərginlik hər gün daha da dərinləşməkdədir. Əgər Ermənistan sərhəddə təxribatlara davam edərsə, daha da acınacaqlı vəziyyətə düşəcək.
Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, Ermənistan bu gün bütün sahələrdə höküm sürən dərin böhrandan diqqəti yayındırmaq üçün yeni təxribatlara əl atır: “Biz zaman-zaman görmüşük ki, Ermənistan daxili böhrandan diqqəti yayındırmaq üçün Azərbaycana qarşı təxribatlara əl atır. Bu məqsədlə Ermənistan son dövrlərdə dövlət sərhədində atəşkəsi dəfələrlə pozub. Bu, Ermənistan daxilində vəziyyətin nə qədər acınacaqlı, nə qədər dərin böhran içərisində olduğunu göstərir. Bu, eyni zamanda onu göstərir ki, Azərbaycan silahlı qüvvələri tərəfindən darmadağın edilən Ermənistan ordusunun qalıqları hələ də vahid komandanlıq altında birləşə bilməyib və ayrı-ayrı klanların əlində bir alətə çevrilib.
Bu baxımdan, erməni xalqının diqqətini daxildəki acınacaqlı vəziyyətdən yayındırmaq üçün zaman-zaman təxribatlara əl atılır. Lakin bütün bunlar Ermənistana yaxşı heç nə vəd etmir, əksinə, Ermənistanı daha çətin duruma salır. Qüdrətli Azərbaycan Ordusu ərazilərimizi ən yüksək səviyyədə qoruyur. Ermənistanın belə təxribatlar törətməsi ölkənin acınacaqlı vəziyyətini daha da dərinləşdirəcək, çünki Ermənistan artıq uçurumun astanasındadır və bu cür təxribatlar törətməklə uçurumu daha da yaxınlaşdırır. Çünki "dəmir yumruq" yerindədir və daha da qüvvətlənib”.
Deputat qeyd edib ki, əgər Ermənistan normal inkişaf etmək və indiki rəzil durumdan xilas olmaq istəyirsə, qonşuları ilə xoş münasibətlər saxlamalıdır: “Əks halda, Ermənistan daha acınacaqlı və daha pis vəziyyətə düşəcək”.