Bakı. Elçin Mehdiyev – Trend:
Hərbi və fövqəladə vəziyyət dövründə media subyektlərinin və jurnalistlərin fəaliyyət qaydası yeni qanun layihəsi ilə müəyyənləşir.
Trend-in məlumatına görə, yeni hazırlanan “Media haqqında” qanuna əsasən, hərbi və fövqəladə vəziyyət dövründə media sahəsində çalışan işçilərin fəaliyyəti müvafiq olaraq “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Qanun layihəsinə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi isə əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
Qanun layihəsində qeyd edilir ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.
Terror əleyhinə aparılan əməliyyat zonasında media subyektlərinin və jurnalistlərin fəaliyyəti “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.