Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 27 yanvar 2022-ci il tarixli 2618 saylı qərarla Kipr adasında yerləşən BMT Sülhməramlı Qüvvələrinin mandatını daha 6 ay uzadıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik qeyd edib ki, bu qərar BMT-nin qayda və prinsiplərinə zidd olaraq Şimali Kipr Türk Respublikasının (ŞKTR) razılığı olmadan alınıb:
"Bu məsələdə ŞKTR səlahiyyətlilərinin atacağı addımları tam dəstəkləyirik. Təhlükəsizlik Şurası adadakı tərəflərə həll yolu tapmalarını söyləyərkən, digər tərəfdən əlli ildən çox sınaqdan keçirilmiş və tükənmiş, nəticəsiz olduğunu sübuta yetirilən və bir tərəfin razılığını əks etdirməyən bir həll modelini tətbiq etməyə çalışmağı reallıqdan qopmuş və ziddiyyətli münasibətdir".
Nazirlik, həmçinin, Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyəti adanın reallıqlarına əsaslanan səmimi və konstruktiv münasibət göstərməyə, Kiprdə ədalətli və qalıcı bir sülhü təmin etməyə, Kipr türk xalqı üçün bərabər beynəlxalq statusu qeydə almağa çağırıb.