Bakı. Trend:
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qaldı. Düşmən təxribatının qarşısının alınması, məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən cavab tədbirləri keçirildi.
Bunu Trend-ə Birinci Qarabağ müharibəsi veteranı, siyasi ekspert Elşad Həsənov deyib.
Onun sözlərinə görə, dördgünlük aprel döyüşləri zamanı Rəşadətli Ordumuzun birləşmələri Talış kəndi ətrafındakı yüksəklikləri azad etməklə Goranboy rayonuna və Naftalan şəhərinə təhlükəni aradan qaldırdı.
"Bundan başqa Füzuli rayonu istiqamətində geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan 2016-cı ilə qədər həyata keçirilən ən böyük hərbi əməliyyat idi.
Aprel döyüşlərində mənfur düşmənimizin üzərində qazandığımız qələbə xalqımızın böyük qələbəyə inamını artırdı.Bu döyüşlər sübut etdi ki, Ali Baş Komandan İlham Əliyev və xalqımız heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacaq. Aprel döyüşlərində torpaqlarımızın azad olunmasında canını fəda etmiş hərbçilərimizin hünəri 44 günlük Vətən Müharibəsində igid əsgər və zabitlərimiz üçün örnək oldu.
2016-cı ilin aprelində baş vermiş dördgünlük müharibə İkinci Qarabağ Müharibəsində qazandığımız tarixi Zəfərə gedən yolun başlanğıcı idi", - deyə ekspert vurğulayıb.