...

Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru - TƏHLİL

Siyasət Materials 7 Aprel 2022 16:56 (UTC +04:00)
Brüssel görüşü: Azərbaycanın növbəti diplomatik uğuru - TƏHLİL
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüş keçirib. Avropa İttifaqı üçün olduqca mühüm olan görüş nəticəsində bəyanat verilib.

Milli Məclisin deputatı Ramin Məmmədov Trend-in sualına cavabında bildirib ki, görüşün nəticələri danışıqların uğurlu keçdiyini söyləməyə əsas verir.

“Düşünürəm ki, burada Azərbaycan üçün ən önəmli nəticələrdən biri, rəsmi Bakının danışıqların baza prinsipləri kimi irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbul edilməsidir. Danışıqların bu prinsiplər əsasında davam etdirilməsi Azərbaycanın mövqeyinin güclü olduğunu bir daha təsdiq edir.

Bu, bir tərəfdən Azərbaycanın qalib dövlət olması, iqtisadi, hərbi imkanlarına görə qarşı tərəfdən dəfələrlə üstün olması ilə bağlıdırsa, digər tərəfdən, bizim mövqeyimizin beynəlxalq hüquqa əsaslanmasından irəli gəlir. Çünki təqdim olunmuş 5 baza prinsipinin hər biri tamamilə beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsiplərinə əsaslanır.

Digər bir vacib bir məqam isə ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq mövqeyi də əhəmiyyətli dərəcədə güclənib. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası ölkəmizi dünyada etibarlı tərəfdaş, açıq siyasət yürüdən, qlobal əhəmiyyətli hadisələrə məsuliyyətlə yanaşan, bir çox hallarda dünyanın qarşılaşdığı problemlərin həllinə real töhfələr verən dövlət kimi tanıdıb”, - deyə deputat bildirib.

R.Məmmədov qeyd edib ki, Brüssel görüşünün digər bir önəməli nəticəsi bundan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm formalaşır. Onun fikrincə, Avropa İttifaqına hər iki tərəfin etimadının olması danışıqların uğurunu şərtləndirən əsas amillərdən biridir: “Danışıqlarda yeni formatın meydana çıxması həm də o mənaya gəlir ki, artıq daha əvvəlki formatların işlək olmadığını tərəflər qəbul edirlər. Bu, ATƏT-in Minsk Qrupunun 30 illik səmərəsiz fəaliyyətinin etirafı kimi də başa düşülə bilər”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dəfələrlə Minsk Qrupunun öz gündəliyini yeni reallıqlara uyğunlaşdırmalı olduğunu, zamanın çağırışlarına uyğun təşəbbüslərlə çıxış etməsinin vacibliyini bəyan edib, lakin təəssüf ki, ATƏT-in Minsk Qrupu həmişə olduğu kimi, ləng davranır.

“Hesab edirəm ki, Brüsseldə keçirilən son görüş həm də ona görə əhəmiyyətlidir ki, artıq beynəlxalq ictimaiyyət də Minsk Qrupu formatının effektiv olmadığını təsdiq edir. Halbuki, Azərbaycan bunu uzun illərdir ki, ən yüksək tribunalardan səsləndirirdi. Azərbaycan bu məsələdə də öz istəyinə nail olur”, - deyə deputat bildirib.

R.Məmmədov sülh müqaviləsi üzrə danışıqların başlanması üçün xarici işlər nazirliklərinə təlimat verilməsi və sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılması barədə əldə olunmuş razılığın görüşün kifayət qədər məhsuldar keçdiyinə dəlalət etdiyini bildirib.

Siyasi şərhçi Elçin Mirzəbəyli isə Trend-in sualına cavab olaraq bildirib ki, Aİ Şurası prezidentinin təşəbbüsü ilə Brüsseldə keçirilən görüşdə əldə olunan razılaşamalar Vətən müharibəsindən sonra Prezident İlham Əliyevlə Şarl Mişel arasında baş tutan çoxsaylı görüş və telefon danışıqlarının doğurduğu nəticədir.

“Ötən ilin iyul ayında geniş nümayəndə heyəti ilə Azərbaycana səfər edən Avropa İttifaqı Prezidenti ilə regionda davamlı sülhə və təhlükəsizliyə nail olunması istiqamətində aparılan danışıqlar, Azərbaycanın bölgənin gələcəyi ilə bağlı təşəbbüskar və obyektiv mövqeyi Aİ-nin prosesə qərəzsiz yanaşmasını təmin edən əsas amillərdən biridir.

Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimadlı münasibətlərin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin prinsipial şəkildə ifadə və müdafiə olunması, eləcə də davamlı məsləhətləşmələr ötən ilin dekabr ayında Brüsseldə keçirilən ilk üçtərəfli görüşün regiondakı mövcud reallıqların qəbul olunduğunu ifadə edən sonluqla nəticələnməsinə zəmin yaratdı və bu amil özünü aprelin 6-da keçirilən üçtərəfli görüşlə bağlı Aİ Şurası prezidentinin bəyanatında da nümayiş etdirir”, - deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, aprelin 6-da keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmaların ən önəmli tərəfi, şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması, hər iki ölkənin xarici işlər nazirliklərinə bununla bağlı müvafiq təlimatların verilməsi, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının heç bir halda müzakirə predmeti olmayacağının, rəsmi Bakının 5 baza prinsipindən ibarət şərtlərinin qəbul edildiyinin göstəricisidir.

“Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin ATƏT-in Minsk Qrupuna və onun həmsədrlik institutuna istinad edilməməsi münaqişənin başa çatdığı barədə Azərbaycanın prinsipial və imperativ şəkildə ifadə olunan mövqeyinin istisnasız olaraq qəbul edilməsidir. Sülh danışıqları ilə bağlı Azərbaycanın və Ermənistanın xarici işlər nazirliklərinə təlimat verilməsi isə prosesin sözdən əmələ keçdiyini nümayiş etdirir.

Avropa İttifaqı Şurası prezidentinin yekun bəyanatında iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı birgə komissiyanın yaradılması və delimitasiya prosesinə ilk növbədə başlanılması barədə razılığın əldə olduğunun vurğulanması, sərhəd bölgəsində gərginliyin aradan qaldırılması, sülh prosesinə süni əngəllər yarada biləcək təxribatların qarşısının alınması, prosesin intensivləşməsi baxımından da mühüm əhəmiyyətə malikdir”, - deyə E.Mirzəbəyli bildirib.

O əlavə edib ki, üçtərəfli görüşdə Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbul olunduğunu nümayiş etdirən məqamlardan biri də kommunikasiyaların açılması, dəmir və avtomobil yollarının çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması ilə bağlı razılaşmada da özünü büruzə verir.

“Burada da digər istiqamətlərdəki razılaşmalarda olduğu kimi, ən önəmli məqam ikitərəfli təmasların intensivləşməsinə, həmçinin, qarşılıqlı münasibətlərin formalaşmasına, prosesin sürətlənməsinə imkan verən birgə məşvərət-əməkdaşlıq mexanizmlərinin yaradılmasıdır. Avropa İttifaqının dəstəyi ilə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm və formatın yaradılması, prosesə kənar qüvvələrin, o cümlədən, uğursuz “Minsk Qrupu” vasitəçilik insitutunun cəlb edilməsi ilə bağlı cəhd və manipulyasiyaların da üzərindən xətt çəkilməsi anlamına gəlir.

Avropa İttifaqının işğaldan azad etdiyimiz ərazilərin minalardan təmizlənməsi, itkin düşən şəxslərin tapılması, eləcə də quruculuq və bərpa işlərində Azərbaycana öz dəstəyini ifadə etməsi qənaətimə görə, bir çox aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu yanaşma, eyni zamnda, Avropa İttifaqının beynəlxalq ictimaiyyətə “Azərbaycan öz torpaqlarını işğaldan azad edib” və “işğalçı ölkə Azərbaycan ərazilərinin dağıntılara məruz qoyub” mesajı kimi də qəbul oluna bilər.

Brüsseldə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan razılaşmalar öz praktikliyi və realist mahiyyəti baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, Brüssel görüşü sülh prosesinin intensivləşəcəyinə, əldə olunan razılaşmaların sürətlə həyata keçirilməsi istiqamətində əməli addımların atılacağına böyük ümidlər yaradır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti