...

Ermənistanın hazırkı mövqeyi bölgədə sülhə və təhlükəsizliyə böyük zərbə vura bilər - Sahil Kərimli (FOTO/VİDEO)

Siyasət Materials 19 May 2022 13:15 (UTC +04:00)
Ermənistanın hazırkı mövqeyi bölgədə sülhə və təhlükəsizliyə böyük zərbə vura bilər - Sahil Kərimli (FOTO/VİDEO)

Bakı. Trend:

Sülh danışıqlarını pozmaq, revanşistlərin İrəvan küçələrində kütləvi ixtişaşlar törədərək vəziyyəti daha da gərginləşdirmək cəhdləri Ermənistan üçün ağır faciələrə gətirib çıxara bilər. Hazırda görünən odur ki, Ermənistandakı separatçı qüvvələr ölkəni yeni müharibəyə sürükləyir və erməni xalqını qırğına vermək istəyir.

Bu fikirləri Yeni TV-yə müsahibəsində Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O qeyd edib ki, bu gün ordumuz istənilən hərbi təxribatın qarşısını xüsusi peşəkarlıq və qətiyyətlə almağa qadirdir. Amma biz müharibənin əleyhinəyik: “Azərbaycan Prezidenti cənab İlham Əliyev də növbəti dəfə bəyan etdi ki, biz yeni müharibə istəmirik. Azərbaycan Ermənistanla düşmənçilik səhifəsini qapatmaq, yeni dövrə qədəm qoymaq niyyətindədir. Azərbaycan Cənubi Qafqazda sülhə və təhlükəsizliyə nail olmağa çalışır. Amma təəssüf ki, Ermənistan rəhbərliyi son dövrlərdə üzərinə götürdüyü öhdəliklərə, verdiyi sözlərə, əldə olunan razılaşmalara əməl etmir. Əlbəttə ki, bu mənfi tendensiya Ermənistan üçün yaxşı heç nə vəd etmir, əksinə, ölkəni növbəti faciələrə sürükləyir”.

S.Kərimli, həmçinin, bildirib ki, Ermənistanla Azərbaycan arasındakı sülh danışıqları ilə bağlı ümidlər, gözləntilər hələ tam tükənməyib.

“Danışıqların davam etdirilməsi və yeni nəticələrin əldə edilməsi istiqamətində səylər güclənməldir. Bu prosesdə beynəlxalq dairələr və nüfuzlu təşkilatlar da Ermənistana sərt təzyiqlər göstərməlidir. Məlumdur ki, Ermənistanın hazırkı mövqeyi bölgədə sülhə və təhlükəsizliyə böyük zərbə vura bilər. İrəvanın yeganə çıxış yolu sülh prosesini tezləşdirmək, danışıqları davam etdirmək və münasibətləri irəli aparmaqdan ibarətdir. Danışıqlar mənasız olduğu halda, "dəmir yumruq" yenə öz sözünü deyəcək”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti