Bakı. Trend:
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Turkic.World layihəsinin fəaliyyətə başlamasının bir ilinin tamam olması ilə bağlı Trend-ə müsahibəsi
- Bu layihənin bir il ərzindəki fəaliyyətini, ümumilikdə, layihənin önəmini necə dəyərləndirirsiniz?
- Müstəqillik illərində Azərbaycanın türk dünyasına konsolidasiyasını nəzərdə tutan bir sıra önəmli layihələr və təşəbbüslər gerçəkləşdirilmişdir. Hesab edirəm ki, bu layihə və təşəbbüslər yalnız milli şüur, milli kimlik və milli düşüncə tərzinin türk soykökünə əsaslanması baxımından deyil, eyni zamanda, ümumilikdə, türk dünyasının bir-birinə sıx təması nöqteyi-nəzərdən vacib idi. Bu vacibiyyət həm də müstəqilliyimizin qorunub saxlanmasına müstəsna ideoloji töhfə kimi də diqqət çəkib. Yaşadığımız regionda baş verən müasir siyasi prosesləri, qlobal dəyişiklikləri gözlərimiz önündə canlandırdıqda görürük ki, müstəqilliyin saxlanılması üçün ortaya ciddi iradənin qoyulması hər zaman vacibdir, özü də yalnız bizə yox, bütövlükdə dövlətçiliyini qurmuş türk xalqlarının hər biri üçün.
Möhkəm iradə həm də möhkəm təməllər üzərində inkişaf deməkdir. O da tam aydın olan həqiqətdir ki, türk dünyasının inkişaf perimetrlərini müəyyənləşdirən iki başlıca güc var – Türkiyə və Azərbaycan. Hər iki ölkənin media qurumları zaman-zaman dövlətlərin qarşılıqlı əməkdaşlıq prioritetlərinə uyğun təşəbbüslər reallaşdırıblar. Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdıqları “TurkicWorld” (Türk Dünyası) adlı ilk rəqəmsal layihə bu təşəbbüslərdən ən sistemlisi və perspektivlisidir.
Əvvəla, ona görə ki, layihə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumundan irəli gələn dərin fəaliyyət niyyətidir. Yəni memorandum layihənin davamlılığı baxımından müstəsna təminatdır. İkincisi, isə bu layihə media sahəsindəki əməkdaşlığın konturlarının müasir dövrün tələblərinə uyğun qurulmasını, informasiya mübadiləsinin qlobal transformasiyalar mühitinin şərtlərinə uyğun aparılmasını bir növ, diqtə edən ümumtürk platformasıdır. Belə yanaşma türk dünyasına vahid orqanizm kimi baxılmanı daha sistemli şəkildə gerçəkləşdirməyə imkan verəcək. Layihənin əhəmiyyətini, ilk növbədə, belə dəyərləndirərdirm.
- Bu layihə Türk dövlətləri arasına infomasiya mübadiləsinin genişləndirilməsində nə kimi rol oynayır?
- Layihə türk dövlətlərinin xalqları arasında informasiya mübadiləsini şübhəsiz gücləndirəcəkdir. Ümumən, hesab edirəm ki, türk dünyasının konsolidasiyası, türk birliyinin qlobal proseslərə qarşı layiqli müqavimətinin olması reallığı indi əvvəlki onilliklərdən daha çox dərk edilməkdədir. Hazırda bu dərkedilməni ideoloji cəhətdən silahlandırmaq gərəkdir. “TurkicWorld” bunu uğurla həyata keçirməkdədir. Yəni burada informasiya mübadiləsindən daha çox ideoloji çalarlar diqqət çəkir.
Bəli, biz bilirik ki, türk dünyası bir olmalıdır. Amma birliyimiz üçün əsas götürülməli məqamlar hansılardır, fikrimcə, “TurkicWorld” gələcəkdə mövcud istiqamətdə daha tutarlı addımlar atmaq üçün böyük potensiala malikdir.
- Layihənin Azəbaycan həqiqətlərinin Türk dünyasına çatdırılmasında əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan həqiqətlərinin dünya birliyinə ardıcıl şəkildə çatdırılması mühüm əhəmiyyət daşımaqdadır. Biz cəmiyyət olaraq bu ehtiyacı 44 günlük Vətən Müharibəsi dönəmində açıqca hiss edirdik. Böyük ədalətsizliyə uğramışdıq. Şükür, torpaqlarımızı qaytardıq. Ancaq yada salım ki, müharibənin davam etdiyi günlərdə ölkəmizi az qala təcavüzkar kimi göstərmək meyilləri var idi.
Biz birlikdə bu mənfi tendensiyaya qarşı sipər çəkməyi bacardıq. Əlbəttə, qarşımızda keçiləsi mühüm yollar var. Bu yollarda informasiya dəstəyimizin olması son dərəcə əhəmiyyətlidir. Hesab edirəm ki, “TurkicWorld” bizim üçün bu baxımdan da xeyli əhəmiyyət daşımaqdadır.
- Bu kimi layihələr Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyasına hansı töhfələr verir?
- “TurkicWorld”, əslində, həm də jurnalistika ilə bağlı peşəkarlıq tribunası kimi də diqqət çəkməkdədir. Biz öz həqiqətlərimizi dünyaya nə qədər səlis və düşünülmüş şəkildə çatdırırıqsa, dünya da bizi o tərzdə anlayır, qəbul edir, hörmətlə yanaşır. Belə deyim, bu fəaliyyət həm də mədəni məcburetmədir və elə bir prosesdir ki, onun müəyyən bir mərhələsində dünyanın bir parçasına çevrilmə var. Bu baxımdan, “TurkicWorld”də təmsil olunmaqla, aparıcı rol oynamaqla Azərbaycan jurnalistikası, əslində, dünya media məkanına inteqrasiya yollarını genişləndirmə üstünlüyü qazanır. Elə üstünlüklər var ki, onlar oturuşmuş xarakter alır.
Biz çalışmalıyıq ki, “TurkicWorld” oturuşaraq həm də dünyanın informasiya alternativinə çevrilsin. Yəni BBC, CNN və sair transmilli korporasiyaların formalaşdırdıqları informasiya monopoliyasına, həmin monopoliyanın yaratdığı beynəlxalq ictimai rəyə təsir imkanları əldə etsin. Çünki bir çox hallarda o ictimai rəyin ədalətsizliyini, böyük siyasi qüvvələrin ruporuna çevrildiyini görürük. “TurkicWorld” buna qarşı çıxa bilən ədalətli media platforması olma şansına malikdir. Mövcud istiqamətdə isə çox çalışmaq lazımdır. Ötən bir ildəki fəaliyyət çox çalışmaq əzmi və iradəsinin olduğundan xəbər verir, nikbinlik yaradır.