...

Zəngilandan verilən mesajlar yeni reallığın yaratdığı imkanlara söykənir - Deputat

Siyasət Materials 28 May 2022 13:02 (UTC +04:00)
Zəngilandan verilən mesajlar yeni reallığın yaratdığı imkanlara söykənir - Deputat

Bakı. Trend:

May ayının 27-də Zəngilana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən böyük quruculuq işlərindən danışaraq bu sırada Ağalı kəndində “ağıllı kənd” layihəsinin açılşında bir sıra mühüm məsələlərə kompleks şəkildə toxundu. Hər şeydən öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayan müstəqillik günü ilə bağlı fikirlərini bildirərək onu hazırki reallıqlarla əlaqələndirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat vurğulayıb ki, dövlət başçısı qeyd etdi ki, əsl müstəqillik odur ki, məhz müstəqil siyasət apara biləsən.

“Azərbaycan isə özünün əsl müstəqilliyinə yalnız xalqın istəyi ilə böyük dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qovuşdu. Doğurdan da əldə etdiyimiz tarixi zəfərin qiymətləndirilməsi zamanı keçdiyimiz yola baxarkən bir daha qəti əmin olmaq olur ki, bu tarixi zəfərə yalnız müstəqil siyasət həyata keçirməklə nail olmaq mümkün ola bilərdi.

Tarixi təcrübə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, onlar məhz müstəqil milli siyasi iradənin nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın,1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə bağlı idi”, - deyə deputat bildirib.

H.Babaoğlu qeyd edib ki, hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, azad edilmiş torpaqlarımıza böyük qayıdış başlayıb.

“10 min kvadrat kilometrdən çox ərazi nəhəng tikinti, yol nəqliyyat və enerji kommunikasiyası meydançasına çevirilib. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun sülh gündəmi müəyyən edilib, Qərbi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə ounub, Şuşa regionun və türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevirilməkdədir.

Bütün azad edilmiş şəhər və rayonlarımıza yollar çəkilir. Ermənistan mövcud olduğu tarixdən bu günə qədər heç vaxt yaşamadığı məğlubiyyətə məhkum edilib. Azərbaycana qarşı ən müxtəlif iddialardan geri çəkilməyə məcbur edilib. Bütün bunların isə hərbi-siyasi və diplomatik memarı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir.

Zəngilandan verilən mesajlar da məhz yaradılmış bu reallığın verdiyi imkanlara söykənərək verilirdi. Tarixi həqiqətə, beynəlxalq hüquqa və nəhayət ədalətə istinad edilərək verilirdi”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti