...

Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir

Siyasət Materials 1 İyun 2022 21:00 (UTC +04:00)
Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir

Bakı. Trend:

28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir.

Estoniya Respublikasının Prezidenti Alar Karisdən:

"Hörmətli Prezident.

Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Bu il diplomatik əlaqələrimizin qurulmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda ötən illər ərzində Estoniya ilə Azərbaycan arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini və genişləndiyini vurğulamaqdan məmnunluq duyuram. Bizim sıx münasibətlərimiz qarşılıqlı anlaşma, ölkələrimizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında qurulub.

Bu əlamətdar gündə Estoniya xalqı adından Azərbaycan Respublikasının dost xalqına uğurlar, xoşbəxtlik, sülh və tərəqqi arzulayıram.

Bu gün Avropanın bir çox ciddi problemlərlə üzləşdiyi zamanda təhlükəsizlik məsələləri ikitərəfli dialoqumuzda daha böyük önəm kəsb edir. Azərbaycanın Ukraynaya göstərdiyi yardıma görə minnətdarlığımı bildirmək istəyirəm. Müharibəni dayandırmaq və ondan əziyyət çəkən insanları qorumaq ən vacib məsələdir.

Bu fürsətdən istifadə edərək, Azərbaycan ilə Estoniya arasında dostluq münasibətlərinin xalqlarımızın mənafeyi və rifahı naminə daha da inkişaf edəcəyinə əminliyimi bildirmək istəyirəm.

Əziz həmkarım, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

***

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edirəm.

Sizə cansağlığı və xoşbəxtlik, xalqınıza isə sülh və firavanlıq arzulayıram".

***

Litva Respublikasının Prezidenti Gitanas Nausedadan:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırır, möhkəm birlik və uğurlar arzulayıram.

Sevindirici haldır ki, ötən ay Azərbaycana rəsmi səfərim zamanı Sizinlə görüşmək və ölkələrimiz üçün önəmli olan təhlükəsizlik, siyasi və iqtisadi məsələləri, həmçinin ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə etmək imkanım oldu. Fürsətdən istifadə edərək göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm, eləcə də xanımım Diananın Mehriban xanım Əliyevaya ən xoş arzularını və minnətdarlığını çatdırıram.

Azərbaycan Litvanın Qafqazda önəmli tərəfdaşıdır. Qafqazda sülh, sabitlik və iqtisadi inkişaf region ölkələrinin, eyni zamanda, Litvanın və Avropa İttifaqının ümumi maraqlarına uyğundur.

Rusiya-Ukrayna müharibəsi zamanı Avropa İttifaqı ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq xüsusilə vacibdir. Mən çox ümid edirəm ki, biz bu mübarizədə Ukraynanı dəstəkləyəcəyik.

Biz Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş hesab edirik və buna görə əməkdaşlığımızı daha da inkişaf etdirməkdə maraqlıyıq. Biz, həmçinin nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları, innovasiya və təhsil sahələrində qarşılıqlı faydalı əlaqələrimizi genişləndirə bilərik.

Bu xoş fürsətdən istifadə edərək, Sizi Litvaya səfərə dəvət etmək istəyirəm. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizi və xalqlarımız arasındakı əlaqələri daha da genişləndirməyə və gücləndirməyə kömək edəcəkdir.

Milli bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm.

Xahiş edirəm, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul edəsiniz".

***

Malta Respublikasının Prezidenti Corc Velladan:

"Zatl-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan Respublikasının xalqına ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Malta Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcəkdir. Bizim münasibətlərimiz ikitərəfli səviyyədə, həmçinin Avropa İttifaqı və Şərq Tərəfdaşlığı dialoqu çərçivəsində regional və çoxtərəfli müstəvidə strateji yaxınlaşma üçün imkanlar yaradır. Əminəm ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqı ilə onun Şərqdən olan tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası arasında daha yaxın əməkdaşlıq üçün nadir platforma olaraq qalacaqdır.

Beynəlxalq aləmin dünya nizamının təməl prinsiplərinə təsir göstərən problemlərlə üz-üzə qaldığı bir vaxtda qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli üçün birgə fəaliyyət göstərmək indi həmişəkindən daha vacibdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ölkənizə isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Küveyt Dövlətinin Baş naziri Sabah Xalid əl-Həməd əl-Sabahdan:

"Hörmətli cənab Prezident.

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan sevinc hissi duyuram.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumu ifadə edir, Sizə uzun ömür, möhkəm cansağlığı, dost xalqınıza davamlı tərəqqi və rifah arzulayıram".

***

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuludan:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırır, bütün sahələrdə tərəqqi və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, Yunanıstan Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə dialoq və əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Hər iki xalqın və bütövlükdə regionun rifahına xidmət edən qarşılıqlı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyam.

Milli bayramınız münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı bir daha ifadə edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

***

Albaniya Respublikasının Prezidenti İlir Metadan:

"Zati-aliləri.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ürəkdən gələn səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu əlamətdar gündə ölkələrimiz və xalqlarımız arasında sıx dostluq münasibətlərinin yüksək səviyyədə inkişafını qeyd etməkdən çox şadam. Həmçinin bildirmək istəyirəm ki, bizim birgə səylərimiz və iştirakımızla ikitərəfli əməkdaşlıq münasibətləri gələcəkdə daha da inkişaf edəcək və güclənəcəkdir.

Məni iyun ayında ölkənizə səfərə dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Bu xoş fürsətdən istifadə edərək, TAP və İAP layihələrinin Albaniyada uğurlu icrasına göstərdiyiniz dəstəyə görə bir daha təşəkkür edirəm.

Xüsusilə bu gün Avropada təhlükəsizliyə, sabitliyə və sülhə açıq təhdidlərin olduğu bir vaxtda bu layihələr daha böyük əhəmiyyət kəsb edir. Çünki bu layihələr ölkəmizi nəinki dünya enerji sisteminin mühüm seqmentinə, eləcə də regionun və Avropanın bu günü və gələcəyi üçün alternativ enerji mənbəyinə çevirib.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycana və onun xalqına daha böyük inkişaf və firavanlıq arzulayıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

***

Monteneqronun Prezidenti Milo Cukanoviçdən:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizin rifahı və dost Azərbaycan xalqının firavanlığı ilə bağlı ən xoş arzularımı çatdırıram.

Ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmətin və sıx dostluq münasibətlərinin davamlı inkişafını görmək çox xoşdur. İqtisadiyyat və turizm sahələrində əldə edilmiş nəticələr, apardığımız yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma iqtisadi əlaqələrimizin dərinləşməsi üçün yaxşı zəmin yaradır.

Əminəm ki, Monteneqro və Azərbaycan öz məqsədyönlü siyasətləri ilə regional və beynəlxalq səviyyələrdə getdikcə dərinləşən problemlərin həllinə bundan sonra da töhfələrini verəcəklər.

Xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı və səmimi salamlarımı qəbul edin".

***

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən:

"Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi milli bayramınız - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının rifahı naminə işlərinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və səadət arzu edirəm.

Fürsətdən istifadə edərək, Rusiyanın və Azərbaycan Respublikasının xüsusi xidmətlərinin dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsinə və milli maraqların müdafiəsinə yönəlmiş qarşılıqlı fəaliyyətinə diqqətinizə və dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti