...

Müstəqil Azərbaycanı inkişaf yolundan döndərə biləcək heç bir qüvvə yoxdur - Komitə sədri

Siyasət Materials 15 Sentyabr 2022 16:38 (UTC +04:00)
Müstəqil Azərbaycanı inkişaf yolundan döndərə biləcək heç bir qüvvə yoxdur - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün - 15 sentyabr 2022-ci ildə iki tarixi hadisəni iftixarla qeyd edirik. Birincisi, 1918-ci ildə Azərbaycan Respublikasının paytaxtı qədim və doğma Bakı şəhərinin erməni-daşnak-bolşevik işğalından azad edilib. Düz 104 il bundan əvvəl yüzlərlə igid, ləyaqətli Azərbaycan oğlu Vətəni yağı düşməndən azad edərkən şəhid oldular ki, gələcək nəsillər özünün müstəqil dövlətində xoşbəxt yaşasınlar. O zaman Bakı azad ediləndə də ağız büzərək, biz ermənilərlə, bolşeviklərlə sülh danışığı aparaq, onlardan xahiş edək deyənlər də olub, “bizə Bakı-filan lazım deyil” deyənlər olub. İkincisi, bu gün də, yəni 104 il sonra da qeyrətli Azərbaycan oğulları öz dədə-baba torpaqlarını qanları, canları bahasına azad edərək millətin şərəfini qoruyurlar, amma yenə də eyni sözləri eşidirik. Xalqına, dövlətinə qarşı bu qədər kin-küdurət, nifrət haradandır bu tip insanlarda?

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, müstəqillik uğrunda, bir Azərbaycanlı kimi yaşamaq uğrunda ekzistensial savaş zamanı xalqının, əsgərinin, dövlətinin yanında dayanmaq əvəzinə öz xalqını və dövlətini təcavüzkar adlandırmaq elə Ermənistanın yanında yer almaq deyilmi?!

“Bunun bir adı var: Vətənə, dövlətə, xalqa xəyanət! Keçmişinə, bu gününə, gələcəyinə, erməni faşistləri tərəfindən yurdları viran qoyulan o müqəddəs doğma torpaqlarımızda qəbirləri dağıdılan ulularımızın ruhuna xəyanət deyilmi bu?!

Siyasi fikir ayrılığı ola bilər və buna görə də fikir ayrılığı olan siyasi qüvvə ilə barışmaz mövqedə də dayanmaq olar. Bunu başa düşmək olar. Amma siyasi hakimiyyətə gəlmək naminə, yoxsa təki siyasi hakimiyyətdə olanlar hakimiyyətdən getsin deyə, dövlətini təcavüzkar adlandırmaq, deməli, şəhidini cinayətkar hesab etmək düşməndən də betərdir. Bir gün də xalqla bir yerdə olmayan, amma komfort həyat yaşayan, xarici ölkələr gəzən, olmayan canlarına “cangüdənlər” saxlayanlar nəinki siyasi riyakarlar, həm də xəstə təxəyyüllü itirilmişlərdilər. Bu binəvalar onlara 29 il bundan əvvəl rədd cavabı verən xalqdan qisasmı alırlar. Axı, bunu heç gizlətmirlər də. Dəfələrlə Azərbaycan xalqını təhqir edərək bəyan ediblər ki, sizin kimi xalqa belə də dövlət lazımdır. Güclü, müasir, söz sahibi olan Qalib dövləti, Qalib xalqımı gözləri götürmür?! Bu münasibətə birdəfəlik son qoyulmalıdır!

Bəlkə, düşünürlər ki, 20 mindən çox ləyaqətli, qəhrəman oğullarımız 1992-1993-cü illərdə şəhid oldular, amma həm torpaqlarımız faşist ideologiyasını özünün ideologiyası hesab edən Ermənistan tərəfindən işğal edildiyi, həm də yüz minlərlə insanın öz Vətənində acı məcburi köçkün həyatı yaşamağa məcbur olduğu unudulubdur? Azad edilmiş doğma yerlərə onların qayıtmasını təşkil etmək, yeni kəndlər, şəhərlər, məktəblər tikilməsi üçün isti münasibətdə olduğu dairələrdən maliyyə ayrılmasını niyə tələb etmirlər? Əksinə, böhtan və yalanlarla xalqda ümidsizlik yaratmağa cəhd edənlər yanılırlar. Qalib xalqın iradəsini sarsıda bilməzsiniz!”, - deyə B.Əliyev bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində güclü iqtisadiyyat, güclü ordu qurulub.

“BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi, amma 27 il icra etmədiyi qətnamələr Azərbaycan Respublikası tərəfindən yerinə yetirilib. Həmin qətnamələrdə tələb edilirdi ki, erməni işğalçı qüvvələri dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin edilməlidir. Müzəffər Ali Baş Komandan, rəşadətli Azərbaycan ordusu və xalqı bir dəmir yumruq kimi birləşərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bundan dünya erməniliyinin əndişələnməsi başa düşüləndir. Çünki yüzilliklər boyu hazırladıqları bütün planlar 44 günlük Vətən müharibəsində və siyasət meydanında darmadağın edildi. Amma onlara dəstək olan və özünü azərbaycanlı hesab edənlər qətiyyən başa düşülən deyillər.

Azərbaycan Respublikasının istər 1918-ci il, istər 1921 və 1924-cü il xəritələrində sərhədləri bəllidir və Azərbaycan ordusu öz sərhədlərində dayanıb! Azərbaycan işğalçı Ermənistana öz ərazisində necə təcavüz edə bilər? Əgər, Ermənistan Azərbaycanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası təklifini müxtəlif bəhanələrlə faktiki rədd edirsə, deməli, Ermənistan sərhədlərin necə olacağını çox yaxşı anlayır. Və bilir ki, Azərbaycan Respublikasının psevdo-dövlət olan Ermənistanla sərhədi haradan keçir. İndi sual olunur, sizlər kimin hüquqlarını müdafiə edirsiniz? Xocalı soyqırımını, azərbaycanlılara qarşı etnik təmizləməni, əzəli torpaqlarımızı işğal edən Ermənistanı? Görəsən, Azərbaycan dövlətinə, xalqına və ordusuna qarşı olmazın böhtanlarını tirajlayan bəzi insanlar niyə qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrdən Azərbaycan xalqına qarşı ədalətsizliyə son qoymalarını tələb etmirlər? Bunun səbəbi var.

Əvvəla, onların bir neçəsi həmin ölkələrdə o ölkələrin bəzi dairələrinin hazırladıqları anti-Azərbaycan qrant layihələrini, bir qismi də Azərbaycanda yaşayaraq həmin bədnam dairələrin anti-Azərbaycan qrant layihələrini icra edirlər. Bir səbəb də o ola bilər ki, onlar hakimiyyətdə olmadıqları dövlətin dağılmasını, xalqın isə 90-cı illərin əvvəlindəki vəziyyətə düşməsini istəyirlər. Bu isə heç zaman olmayacaq. Qüdrətli Azərbaycan dövləti buna imkan verməyəcək gücdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu diplomatiyası və Rəşadətli ordumuzun Ermənistanın təcavüzkar təxribatlarına qarşı sarsıdıcı zərbələri Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edir. Xarici ölkələrin bəzi dairələri bundan çox narahatdırlar və bütün vasitələrdən istifadə edərək bunun qarşısını almağa çalışırlar. Ey anti-Azərbaycan qrant layihələrinin icraçıları, heç olmasa dövlətimiz, xalqımız, gələcək nəsillər üçün taleyüklü bu məsələdə o dairələrə alət olmayın! Hər kəs bilməlidir ki, təxribatların təkrarlanması məqsədyönlüdür və yeni müharibənin başlamasına hesablanıbdır. Ona görə də milli həmrəylik strateji resurs kimi birmənalı şəkildə qorunmalıdır!

Azərbaycan xalqı dövlət müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini təmin edən, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevrilməsi layihəsini sürətlə gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini birmənalı dəstəkləyir və ona inanır. Prezident İlham Əliyev Azərbaycan xalqına arxalanır, ondan güc alır və milli maraqlarımızı qətiyyətlə müdafiə edərək siyasi iradə nümayiş etdirir. Bugünkü Azərbaycan qardaş Türkiyə ilə birlikdə yeni geosiyasi gerçəkliyin, mərkəzin yaradıcısı və onun aparıcı qüvvələrindəndir. Müstəqil Azərbaycan Respublikasını sarsıda biləcək, onu demokratiya və inkişaf yolundan döndərə biləcək heç bir qüvvə yoxdur və ola da bilməz. Bunu hər kəs anlamalıdır! Qarabağ Azərbaycandır!”, - deyə B.Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti