...

Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi erməni cinayətlərinin dünyaya çatdırılması üçün növbəti addımdır

Siyasət Materials 5 Oktyabr 2022 15:18 (UTC +04:00)
Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi erməni cinayətlərinin dünyaya çatdırılması üçün növbəti addımdır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi heç də təsadüfi deyil. Əvvəla bu erməni cinayətlərinin bütün dünyaya çatdırılması üçün növbəti addımdır. Cənab Prezident İlham Əliyevin də Forumdakı çıxışında bəyan etdiyi kimi Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və burada olan daşlar oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdıb, hər bir mədəni və dini abidəni talan edib.

“Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Dövlət başçısının bəyan etdiyi kimi Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”, - deyə V.İskəndərov bildirib.

Deputat qeyd edib ki, bu tədbrinin Ağdamda keçirilməsinin digər səbəbi də Azərbaycan dövlətinin işğaldan azad edilmiş şəhər və rayonlarda quruculuq-bərpa işlərini necə əzmkarlıqla apardığını beynəlxalq aləmin diqqətinə çatdırmaqdır.

“Prezident İlham Əliyevin iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasındakı çıxışında bəyan etdiyi kimi, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Eyni zamanda dövlət başçısı bu günkü çıxışında bildirib ki, bu gün artıq bütün şəhərlərin baş planları hazırlanıb və təsdiqlənib.

İşğaldan azad olunmuş ərazilərdə hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, 12 kilometr uzunluğu olan 84 yeni körpü salınacaq. Bu bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Heç şübhəsiz bütün bunlar barədə beynəlxalq aləmin də məlumatlı olması üçün BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə kerçirilən Azərbaycan Milli Şəhərsalma Forumu da mühüm rol oynaya bilər”, - deyə o bildirib.

Deputat qeyd edib ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.

“Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti