...

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Fransa prezidentinə etiraz məktubu ünvanlayıb

Siyasət Materials 21 Oktyabr 2022 15:15 (UTC +04:00)
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Fransa prezidentinə etiraz məktubu ünvanlayıb
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFChamber) Fransa Prezidenti Emmanuel Makrona etiraz məktubu ünvanlayıb.

Trend bu barədə bu gün Palataya istinadən bildirir.

Biz, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan və Fransa şirkətlərini təmsil edən və müstəqil qeyri-hökumət təşkilatı olan Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) adından yazıb müraciət edərək, 12 oktyabr tarixində “France 2” kanalında yayımlanan müsahibəniz zamanı verdiyiniz bəyanatlarla bağlı Sizə narahatlığımızı bildiririk.

Qarabağ münaqişəsi, eləcə də Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə bağlı reallığı düzgün əks etdirməyən fikirləriniz bizi təəccübləndirib məyus etdi", - məktubda deyilir.

AFChamber qeyd edir ki, E.Makron müsahibə zamanı qeyd etməsə də, ona yaxşı məlumdur ki, Fransanın da lehinə səs verdiyi BMT Təhlükəsizlik Şurasının Qətnamələrin müəyyən etdiyi kimi, keçmiş Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında olub.

"Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını geri çəkməsi və evindən didərgin düşmüş yüz minlərlə azərbaycanlının evinə qayıtmasına imkan verməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının birmənalı çağırışlarına baxmayaraq, Ermənistan beynəlxalq hüquqa məhəl qoymamış və işğala davam etmişdir. Fransa sözügedən qətnamələrin lehinə səs verib və bu əraziləri Azərbaycanın bir hissəsi kimi tanıyıb. Hətta bu gün də erməni silahlı qüvvələri Qarabağ bölgəsində qalaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və regionda sülh prosesinə əsas maneə kimi çıxış edir", - məktubda vurğulanır.

Həmçinin bildirilir ki, E.Makron müsahibə zamanı dinc əhali arasında itkilərdən bəhs edərkən, Ermənistanın Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı törətdiyi hücumları xatırlatmayıb.

"Bu hücumlarda 13-ü uşaq olmaqla (o cümlədən 10 aylıq bir körpə) 100-dən çox mülki şəxs olan azərbaycanlı həlak olub. Cənab Prezident, dediyimiz hər bir sözün öz təsiri, qüvvəsi var və bu mühüm məsələ ilə bağlı verdiyiniz bəyanatlar yalnız Avropada deyil, eləcə də Azərbaycanda yaxından izlənilir. Siz oktyabrın 6-da Praqada keçirilən görüşün iştirakçısı olmusunuz və həm Baş nazir Nikol Paşinyan, həm də Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərinin şahidi oldunuz ki, bu sənəd vasitəsilə hər ikisi bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır", müraciətdə qeyd olunur.

AFChamber bildirir ki, E.Makron və digər fransız siyasətçilər tərəfindən hadisələrin birtərəfli təsviri Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə və uzunmüddətli sülhün bərqərar olmasına ciddi zərər vurur.

"İki ölkə sülh sazişi imzalamağa bu qədər yaxın ikən bu kimi hərəkətlər proseslərə xüsusilə zərər verir. Biz bütün səmimiyyətimizlə Fransa hökumətini Avropa İttifaqı tərəfindən hər iki ölkənin ərazi bütövlüyünü təsdiqləyən Azərbaycan və Ermənistan arasında aparılan sülh sazişi danışıqlarında fəal və pozitiv mövqe tutmağa çağırır və buna ümid edirik. Bu addım Fransa və Azərbaycan arasındakı ikitərəfli münasibətləri yaxşılaşdıraraq Fransanın regionda rolu ilə bağlı ictimai rəyə müsbət təsir edəcək", - məktubda deyilir.

Həmçinin, qeyd olunur ki, AFChamber Azərbaycan və Fransa arasındakı əlaqələrin yaxşılaşdırılmasına töhfə verməyə daim hazırdır.

"Bu məqsədlə, fransız biznes adamlarının və Azərbaycanda yaşayan fransız icmasının mövqeyini eşitmək üçün Sizin üzvlərimizlə onlayn görüşünüzü təşkil etməkdən məmnunluq duyarıq", - məktubda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti