...

Ermənistan və havadarları destruktiv yanaşmanı bir kənara qoymalıdırlar - Tamam Cəfərova

Siyasət Materials 10 Noyabr 2022 15:03 (UTC +04:00)
Ermənistan və havadarları destruktiv yanaşmanı bir kənara qoymalıdırlar - Tamam Cəfərova

Bakı. Trend:

Azərbaycan Respublikasınınn Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 Noyabr “Zəfər günü”nü, mədəniyyət paytaxtı Şuşada qeyd etməsi və şanlı Azərbaycan ordusunun zabitləri qarşısında çıxışı hər bir azərbaycanlının qəlbində fəxr və qürur hissi oyatdı. Ölkə başçısı nitqində bir çox mühüm məsələlərə diqqət çəkməklə yanaşı, regionda yaranmış reallığı və eləcə də Azərbaycanın konstruktiv mövqeyini bir daha dünyaya nümayiş etdirmişdir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, 30 ilə yaxın davam etmiş işğal dövründən sonra Şuşa Azərbaycanın ictimai fikir, milli-ideoloji düşüncə və siyasi-diplomatik mərkəzinə çevrilməkdədir. Bu baxımdan cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabr ayının 8-də Şuşada təşkil olunan tədbirdəki çıxışında toxunduğu məsələlər Şuşanın əhəmiyyətini bir daha ortaya qoymuşdur. Bu haqda cənab Prezident çıxışında qeyd edib: “Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”. Hələ müharibə dövründə ölkə Başçısı müharibənin 20-ci günündə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdi: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu fikirləri Şuşanın Azərbaycan üçün əhəmiyyətini ortaya qoymaqla yanaşı, Ermənistana açıq mesaj idi. Şübhəsiz ki, alınmaz qala sayılan Şuşanın işğaldan azad olunması şanlı tariximizin ən parlaq səhifəsidir. Bu tarix bizimlə əbədi olaraq qalacaq. Gələcək nəsillər Şuşanı və bütövlükdə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edənlərlə haqlı olaraq fəxr edəcəklər. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, bu tarixin canlı şahidləridir.

Bu şanlı qələbə xalqımızın milli mənliyini, qürurunu yenidən özünə qaytardı deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdı. O məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. 1992-ci il may ayının 8-də Şuşanın işğalı nəticəsində 480 vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Bütün bu faktların məsuliyyətini həmin dövrdə hakimiyyət iddiasında olan siyasi cəhətdən heç bir səriştəyə sahib olmayan yarıtmaz şəxslər daşıyır. Xatırladaq ki, Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi. Cənab Prezidentin də dediyi kimi, onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər. Hər bir azərbaycanlı yaxşı bilir ki, hakimiyyətdə qaldıqları bir il ərzində onlar ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər. Tarixi torpaqlarımızın işğala məruz qaldığı bir vaxtda, onlar talançılıq, soyğunçuluqla məşğul olurdular.

Həmin dövrdə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına çatdırmağa çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Həm hərbi sahədə məğlubiyyət, həm də informasiya cəbhəsində Ermənistanın apardığı təbliğat Azərbaycan xalqını mənəvi cəhətdən çökdürmüşdü.

Bu baxımdan deməliyik ki, İkinci Qarabağ müharibəsində ölkəmizin qazandığı parlaq qələbə tarixi torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, xalqın ictimai şüurunda yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi və Azərbaycan xalqı bir millət olaraq dəmir yumruğa çevrilib tarixi torpaqlarımızın işğaldan azad olunmasına nail oldu. Multikultural dəyərlərin hökm sürdüyü tolerantlıq məkanı Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Cənab Prezidentin dediyi kimi “...Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir...”

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycan həm müharibə dövründə, həm də postmüharibə dövründə özünün xoş niyətini, sülhpərvər mövqeyini ortaya qoymuşdur. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü şərtlər hamıya məlumdur. Bu şərtlər ədalətlidir və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Sözsüz ki, sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhə nail olunması üçün Ermənistan və onun havadarları destruktiv yanaşmanı bir kənara qoymalıdırlar. Əlbəttə, bu, regionun inkişafı və burada yaşayan xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün olduqca önəmlidir", - millət vəkili Tamam Cəfərova belə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti